Sentyabrın 5-də Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla saxlanıldığı Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsində görüşüb.
Sadıqova həyat yoldaşı ilə görüşündən sonra Amerikanın Səsinə bildirib ki, onun ən böyük narahatçılığı uşaqlarının təhlükəsizliyi ilə bağlıdır.
Your browser doesn’t support HTML5
Juranlist Gürcüstan hökumətinə siyasi sığınacaq üçün müraciət edib.
“Əfqan bildirdi ki, dünən (sentyabrın 4-də) Gürcüstanın Miqrasiya Xidmətinin əməkdaşı vəkilinin iştirakı ilə həbsxanada onunla müsahibə aparıb. Əfqan deyib ki, Azərbaycanda həm cinayət təqibinə məruz qalıb, həbsdə olub, həm də inzibati həbsdə olub. Gürcüstanda da təqib olunduğunu deyib. Bildirib ki, ona qarşı saxta cinayət işi açılıb və Gürcüstanda siyasi sifarişlə həbsdədir. O bildirdi ki, Gürcüstan Miqrasiya Xidmətinin hansısa müsbət addım atacağına inanmır. Çünki müsahibə aparan əməkdaş Əfqana başına gələnləri ətraflı danışmağa imkan verməyib. Bəlli bir suallara cavab istəyib. Miqrasiya əməkdaşı deyib ki, bir aydan sonra yenidən müsahibə üçün gələcəklər. Daha sonra onun siyasi sığınacaq müraciəti ilə bağlı qərar qəbul edəcəklər. Görüşdə iştirak edən vəkil deyib ki, Əfqanın həbsi qanunsuzdur. O, azadlığa buraxılmalıdır. Miqrasiya Xidməti imtina etsə, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək”, Sadıqova qeyd edib.
Sevinc Sadıqova Gürcüstan hökumətinin demokratiya ilə bağlı bəyanatlarının reallığı əks etdirmədiyini iddia edir.
“Əfqan dedi ki, Gürcüstan hökuməti hər yerdə Avropa İttifaqının bayraqlarını asıb, demokratiyadan danışır. Amma nə məhkəmələrində, nə prokurorluğunda, nə də həbsxanasında bunun əlamətləri yoxdur. Dedi ki, son on gündə həbsxanada elə yemək verirlər ki, heyvan belə onu yeməz. Amma həbsxana mağazasında hər şeyi baha qiymətə satırlar. Bununla yanaşı ailələrdən hər hansı ərzaq və sanitar vasitələr, heç nə qəbul etmirlər ki, guya rüşvət qəbul etmirlər. Deyirlər standartlara uyğun olaraq məhbuslara baxırlar. Bununla yanaşı, məhbusa meyvə, yuyucu vasitələr, şampun belə vermirlər. Həbsxana tarakanlarla doludur. Amma həbsxana mağazasında hər şeyi baha qiymətə satırlar. Pulu olan məhbus mağazadan lazımı şeyləri alır, pulu olmayan isə ala bilmir. Bu isə rüşvət almıırıq deməkləri ilə təzad təşkil edir. Əgər məhbusa lazımi qida, meyvə, sanitar vasitə verməyib mağazada satdırırsansa, bu rüşvətdir. Həbsxana mağazasında bahadırsa, imkan verin ailələr bunları ucuz qiymətə alıb yaxınlarına aparsınlar”, o bildirib.
Sadıqova həyat yoldaşının zəif qidalanmadan, antisanitariyadan, havasızlıqdan əziyyət çəkdiyini bidlirib.
Jurnalist Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.
Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə jurnalist barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib.
Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları” hüquq-müdafiə təşkilatının bu ölkədə ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş jurnalist Əfqan Sadıqov barəsində həbs qətimkan tədbrinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayətini qəbuledilməz hesab edib.
Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin avqustun 4-də çıxardığı hökmü qüvvədə saxlayıb.
Çoxsaylı beynəlxalq təşkilat, o cümlədən ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini Sadıqovu ekstradisiya etməməyə və dərhal azadlığa buraxmağa çağırıb.
Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq-müdafiə təşkilatı azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib. Bu gün, sentyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Muxtarlı ilə bağlı şikayəti təmin edib. Məhkəmə Gürcüstan hökumətinin 12500 avro, Azərbaycan hökumətinin isə 8500 avro təzminat ödəməsi barədə qərarını elan edib.
Jurnalist Əfqan Sadıqov ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.