Accessibility links

Jurnalistlərə Ədalət Fondu: 2023-cü ilin sonundan müstəqil və tənqidçi media və jurnalistlərə qarşı görünməmiş təqiblər başlayıb


Sentyabrın 4-də Jurnalistlərə Ədalət Fondu (Justice for Journalists Foundation – JFJ) 2023-cü ildə Azərbaycan və Gürcüstanda jurnalistlərin hüquqlarının pozulmasına dair hesabat dərc edib.
Hesabatdakı məlumatlar açıq mənbələrə istinadən hazırlanıb.

Məlumatda qeyd edilir ki, Azərbaycanda 2023-cü il üçün araşdırma zamanı media işçilərinə, vətəndaş jurnalistlərə, ənənəvi və onlayn nəşrlərin redaksiyalarına, fəallara qarşı hücum/təhdidlə bağlı 147 hadisə müəyyən edilərək təhlil edilib.

"2023-cü ilin sonundan müstəqil və tənqidçi media və jurnalistlərə qarşı görünməmiş təqiblər başlayıb.

Nəticədə 20-dən çox jurnalist və media işçisi Azərbaycanda həbsdədir, müstəqil onlayn medianın əksəriyyəti bağlanıb və plüralizmin istənilən forması ciddi təhlükə altındadır", hesabatda qeyd olunub.

Jurnalistlərə Ədalət Fondun hesabatında bildirilir ki, hökumət həmçinin xaricdəki tənqidçilərini susdurmağa çalışıb.

“2024-cü ilin avqustunda Gürcüstanda yaşayan jurnalist Əfqan Sadıqov həbs edilib və onun Azərbaycana ekstradisiyası tələb olunub. O, təhdid yoluyla tələb etməkdə ittiham olunur. Sadıqov Azərbaycanda ağır repressiyalarla üzləşib və əvvəllər də öz ölkəsində həbsdə olub”, hesabatda deyilir.

Hesabatda Azərbaycanda qəbul edlmiş "Media haqqında" yeni qanuna da toxunulub.

“2022-ci ildə qəbul edilmiş yeni “Medi haqqında”qanun tam şəkildə tətbiq edilib. Mövcud KİV-lərin ən azı 10 faizi yeni Media Reyestrinə daxil edilib və onların əksəriyyəti faktiki olaraq qeyri-qanuni olub.

Həmçini qeyd edilir ki, ictimai aksiyalar zamanı jurnalist və media orqanlarına hücumlar davam edib və bu hücumların heç biri araşdırılmayıb.

Hesabatda qeyd edilir ki, məhkəmə və ya iqtisadi vasitələrdən istifadə etməklə hücumlar Azərbaycanda mediayaya təzyiq göstərməyin əsas metodu olaraq qalır.

Bundan başqa Jurnalistlərə Ədalət Fondu statistika təqdim edərək, vurğulayır ki, 2023-cü ildə 12 qeyri-fiziki hücum qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə iki dəfə azalma deməkdir.

“Bu hücumların əsas hədəfi müstəqil və müxalif media qurumları və jurnalistlər olub. Kiberhücumlar və haker cəhdləri təzyiqin əsas formaları arasında idi”, hesabatda deyilir.

Qeyd edilir ki, dindirmələr, axtarışlar, müsadirələr və məhkəmə çəkişmələri əsas təzyiq üsulları olub və bu kateqoriyada 50 insident qeydə alınıb.

“2023-cü ildə Azərbaycanda KİV işçilərinə qarşı 19 fiziki hücum qeydə alınıb. Bu insidentlərin əksəriyyəti jurnalistlər kütləvi etirazları və toplantıları işıqlandırarkən baş verib. Qeydə alınan hücumların hamısı hakimiyyət nümayəndələri tərəfindən törədilib”, hesabatda deyilir.

Bu hesabata Azərbaycan hakimiyyəti rəsmi açıqlama verməyib.

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin saxlanılması və ittiham olunmasından ciddi narahatlığını bildirib.

Rəsmi Bakı isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini qeyd edir.

Forum

XS
SM
MD
LG