Accessibility links

Gürcüstan ombudsmanının nümayəndələri həbsxanada jurnalist Əfqan Sadıqovla görüşüb


Əfqan Sadıqov
Əfqan Sadıqov

Avqustun 3-də Gürcüstanda saxlanılan və sonra Tbilisi məhkəməsinin ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçdiyi AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqov avqustun 29-da həyat yoldaşı Sevinc Sadıqova ilə telefonla danışıb.

Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, bu gün Gürcüstan ombudsmanın nümayəndələri növbəti dəfə həyat yoldaşına baş çəkib.

“Gürcüstan ombudsmanı Əfqan Sadıqovun siyasi sifarişli həbsini diqqətdə saxlayır və mütəmadi olaraq onunla görüşürlər”, Sadıqova qeyd edib.

Əfqan Sadıqov Tbilisidə yaşayan ailəsindən, azyaşlı uşaqlarından narahatçılıq keçirdiyini deyib.

“O dedi ki, gərginlik içindədir, yuxususzluqdan əziyyət çəkir. Həmçinin saxlanma şəraitinin çətin olduğunu bildirdi. Dedi ki, saxlanıldığı cəzaçəkmə müəssisəsində (Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsi-red) antisanitariyadır, tarakanlarla doludur. Orada ailələrdən ərzaq qəbul edilmir, amma yeməkləri də çox keyfiyyətsizdir”, Sevinc Sadıqova telefon danışığından sonra həyat yoldaşına istinadən Amerikanın Səsinə bildirib.

Sadıqova özünün və uşaqlarının Tbilisidə qorxu içərisində yaşadığını deyib.

“Yeni dərs ili başlayır. İndi qeyri-müəyyənlikdə qalmışam, uşaqlarım harada təhsil alacaq. Azərbaycanda təhsil aldığı məktəbə yazmışam ki, uşaqlarımın sənədlərini göndərsinlər. Məktəb deyir ki, sənədləri yalnız uşaqların valideynlərinə əlbə-əl verə bilərlər. Mən isə Azərbaycana gedə bilmirəm. Belə qeyri-müəyyənlikdə qalmışam”, o qeyd edib.

Bununla yanaşı, Sadıqova ailəsinin Gürcüstana və üçüncü ölkələrə siyasi sığınacaq üçün müraciət etdiyini deyib.

“Bütün müraciət etdiyim ölkələrdən cavab almışam, yazırlar müracitimizə baxırlar. Amma hələ siyasi sığınacaq verilməsi ilə bağlı cavab almamışam. Bir daha bildirirəm ki, Gürcüstan artıq mənim ailəm üçün təhlükəli ölkədir. Burada təhdidlərlə üz-üzəyik. Uşaqlarıma tapşırmışam ki, evdən bayıra çıxmasınlar. Qorxu içərisindədirlər”, o qeyd edib.

Sadıqova həmçinin Beynəlxaq Qırmızı Xaç Komitəsinin Gürcüstan nümayəndəliyinə müraciət etməsinə baxmayaraq, onların nümayəndələrinin hələ də Əfqan Sadıqovla görüşmədiyini deyib.

Sadıqova həyat yoldaşının yenə aclığa başlamaq istədiyini bildirib.

Jurnalist Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə jurnalist barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib.

Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları” hüquq müdafiə təşkilatının bu ölkədə ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş jurnalist Əfqan Sadıqov barəsində həbs qətimkan tədbrinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayətini qəbuledilməz hesab edib.

Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin avqustun 4-də çıxardığı hökmü qüvvədə saxlayıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini Sadıqovu ekstradisiya etməməyə və dərhal azadlığa buraxmağa çağırıb.

Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq-müdafiə təşkilatı azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib.

Jurnalist Əfqan Sadıqov ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG