İyulun 10-da jurnalist Samirə Əliyeva Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində 4 saatadək dindirildikdən sonra sərbəst buraxılıb. O, “Toplum TV”-də işlədiyi dövr ilə bağlı istintaqın suallarını cavablandırıb.
Bu barədə jurnalsitin özü Amerikanın Səsinə bildirib.
Jurnalist istintaq sirri olduğuna görə, dindirmənin detalları ilə bağlı danışmayıb.
“Dindirilmə zamanı heç bir psixi və fiziki təzyiqə məruz qalmadım”, o qedy edib.
Ötən ilin sonundan başlayaraq Azərbaycanda “Toplum TV", “Abzas Media” və “Kanal 13” işi üzrə çoxsaylı jurnalistlər və fəallar dindirilib.
Bu işlər üzrə 16 nəfər həbs edilib, daha iki nəfərin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Onlar xarici valyutanı qaçaqmal yolu ilə ölkəyə gətirməkdə ittiham edilir.
Jurnalistlər və fəallar ittihamı qəbul etmir, fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.
Beynəlxalq media müdafiə təşkilatları, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.