İyulun 1-də Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından qardaşına zəng edib.
Bu barədə Amerikanın Səsinə qardaşı Nəsimi Məmmədli bildirib.
“Ələsgər bəylə bu gün telefonla 5-6 dəqiqə danışdım. Danışdıqca tez-tez udqunur, cümləni sona çatdırana kimi bir neçə dəfə öskürürdü. Boğazındakı şişin böyüməsi yatmasına mane olduğuna görə yuxusuzluqdan əziyyət çəkir. Davamlı baş ağrısı var. Üç yaxma analiz götürülüb. 2-3 günə cavab çıxacaq. Son görüşümüzdə ağrıkəsici dərmanlar versəm də ümumi vəziyyətinə müsbət təsiri azdır”, o bildirib.
Nəsimi Məmmədli deyir ki, Ələsgər Məmmədli iyunun 22-də özəl klinikada götürülən biopsiya analizindən dərhal sonra təcridxanaya qaytarılıb.
“Klinik şəraitdə müalicəyə ehtiyacı olsa da o hələ təcridxanada saxlanılır. Vəkili ilə görüşüb və klinikaya gətirilərkən məruz qaldığı pis rəftara görə beynəlxalq məhkəməyə şikayət ərizəsi göndərib. Hazırkı durumu sabitdir. Önunla maraqlanan, səhhətinə görə narahat olan, azadlığa çıxmasına çalışan hər kəsə təşəkkürünü çatdırdı”, Nəsimi Məmmədli əlavə edib.
Bununla bağlı rəsmi qurumlardan hələlik şərh almaq mümkün olmayıb.
İyunun 22-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV internet nəşrinin təsisçisi Ələsgər Məmmədlinin qalxanabənzər vəzində aşkar olunan şişdən özəl klinikada (West Hospital) iynə biopsiyası götürülüb. Bu barədə Əlsəgər Məmmədlinin ailəsinə və vəkillərinə qabaqcadan xəbər verilməyib. Ailəsi qeyd edir ki, Ələsgər Məmmədlidə aşkar edilən şişdən mülki klinikada məhdud şəraitdə biopsiya götürülüb.
İyunun 15-də Xətai Rayon Məhkəməsi hakim Aygün Həsənovanın sədrliyi ilə keçən qapalı iclasda Ələsgər Məmmədlinin qalxanabənzər vəzində aşkar olunan 23 millimetrlik şişdən özəl klinikada iynə biopsiyası götürülməsi barədə qərar verib.
Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.
Biopsiya şübhəli törəmənin mikroskop altında oxunmasıdır. Yəni iynə vasitəsilə qalxanabənzər vəzdən və yaxud vəzdə olan düyündən bir parça toxuma ya da maye götürülərək mikroskop altında baxılır.
Bu müayinə USM (ultrasəslə müalicə, USM daxili orqanların real görüntülərini göstərə bilir) altında aparılır. İlk öncə kütlə ətrafı tam anastetiklərlə blokada olunur, sonra kiçik dəri üzərində kəsim aparmaqla iynə USM altından patoloji düyünə yeridilir. Kütlədən bir neçə toxuma nümunəsi götürülür.
Forum