Accessibility links

Ələsgər Məmmədlinin boğazındakı şişin xoşxassəli olduğu bildirilib, ailəsi analizin nəticələrinin etibarlılığına şübhə ilə yanaşır


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

İyulun 8-də Ələsgər Məmmədlidən götürülmüş analizin nəticələri aşıqlanıb. Ondan götürülmüş biopsiyanın nəticələrinə görə boğaz nahiyyəsindəki şişin xoşxassəli olduğu müəyyən edilib.

Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib ki, bu gün Ələsgər Məmmədli onunla telefonla danışıb.

"Əlsəgər bəy təcridxanadan zəng etmişdi. O bildirdi ki, keçən həftəsonu biopsiyanın nəticəsi açıqlanıb. Görüntünün kistik degenerativ xoşxassəli follikular düyün ilə uyğun gəldiyi bildirilib. Şişin xoşxassəli olması sevindirici xəbər olsa da buna şübhəli yanaşmağımıza ciddi əsaslar var.

Belə ki, Ələsgər bəy həbsindən 1 saat öncə özəl klinikada ultrasəs müayinəsi olunmuşdu. O zaman Qalxanvari vəzinin boyun hissəsində, sol payda 23 millimetr ölçüdə heterogen, periferik, vaskulyarizasiyalı TİRADS III düyün (50-75% xərçəng ehtimalı) aşkar edilmişdir. Eləcə də qandan götürülən digər analizlərin cavabları da şişin təhlükəli xarakterli olması ehtimalından xəbər verirdi. Cərrah endokrinoloq biopsiya ilə yanaşı 10 tibbi komponent üzrə qan analizinin vacibliyini tövsiyə etmişdi.

Ancaq təhlükəsizilik qüvvələri Ələsgər bəydən biopsiya götürülən zaman digər analizlərin götürülməsinə imkan verməyib. Beləliklə, biopsiyanın cavabları Ələsgər bəyi və ailə üzvlərini qane etməyib. Bu nəticə xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün yetərli deyil. Cərrah endokrinoloq da USM (Ultrasəs müayinəsi) nəticələri ilə biopsiya nəticələri arasında uyğunsuzluq olduğunu bildirib. Tiroid Biopsiyası ilə yanaşı, TSH, ST4, Tireoglobulin, bilirubin fraksiyaları, GGT, ALT, AST, Amilaza, şəkər HbAıC, Kreatin, Qanın ümumi analizinin təcili verilməsini tövsiyə edib. Cərrahi əməliyyat ehtimalını istisna etməyib", o qeyd edib.

Nəsimi Məmmədli deyib ki, qardaşı boğulmadan əziyyət çəkir.

"Boğazdakı düyünün ölçüsü böyükdür. Biopsiyanın nəticəsini etibarlı hesab etmirik. Təhlükəsislik qüvvələrinin kobud nəzarəti və pis rəftarı ilə təkrar qarşılaşmamaq üçün təcridxana şəraitində cərrahi əməliyyatı həyatına təhlükə sayırıq. Bu şəraitdə ağrı-acı içərisində təcridxanada qalmağı təhlükəsizlik qüvvələrinin ləyaqəti alçaldan pis rəftarına məruz qalaraq müayinəyə aparılmaqdan daha üstün tuturuq. Ölkənin ən işıqlı aydınlarından biri tamamilə təqsirsiz, sübutsuz, dəlilsiz, qanunsuz və xəstə halı ilə həbsdə saxlanır. Ölkə içərisində bu haqsızlığı dayandıracaq heç bir güc təəssüf ki, yoxdur", o bildirib.

Nəsimi Məmmədli deyib ki, telefon danışığı zamanı Ələsgər bəyin səsi yenə də zəif və yorğun gəlib.

"Boğazındakı şiş onun yatmasına əngəl yaradır və yuxususzluqdan əziyyət çəkir. İsti hava, qapalı şərait, boğulma halı və davamlı baş ağrısı onun səhhətində getdikcə ağır fəsadlar yaradır", o qeyd edib.

Ələsgər Məmmədlinin Xətai Rayon Məhkəməsinin qərarı ilə iyunun 22-də özəl klinikaya biopsiya götürülməsi üçün gətirilərkən pis rəftara məruz qaldığı bildirilib.

"Faktiki olaraq məhkəmə qərarının icrasına təhlükəsizlik orqanlarının əməkdaşları imkan verməmişdi. Əməliyyat otağına daxil olan çoxsaylı polis, prokurorluq və digər hüquq mühafizə orqanlarının əməkdaşları Ələsgər bəyin istədiyi və məhkəmə qərarında adı çəkilən doktorların iştirakının qaşısını almışdılar. Hələ o zaman biopsiya nəticələrinin etibarlılığına şübhə yaranmışdı. Ələsgər bəy bu məsələ ilə bağlı iyulun 5-də BMT İnsan Hüquqları Komitəsinə şikayət göndərib", Nəsimi Məmmədli qeyd edib.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

Forum

XS
SM
MD
LG