Mayın 22-də Tehran Universitetində keçirilən anım mərasimində çoxsaylı dövlət və hökumət rəhbərləri ilə yanaşı Azərbaycanın Baş naziri Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın və Ermənistanın Baş nazirləri də iştirak edib.
İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilərin olduğu helikopter mayın 19-da Azərbaycanla sərhəddə, Araz çayı üzərində tikilmiş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının açılış mərasimindən geri dönərkən qəzaya uğrayıb. Nəticədə helikopterdə olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşimi və digər şəxslər həlak olub.
Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verib. Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin sonuncu görüşdüyü dövlət xadimi də Azərbaycan Prezidenti İlham Əliyev olub.
Bu baxımdan yeni dövrdə Azərbaycan-İran münasibətləri, hazırda həyata keçirilməkdə olan müştərək iqtisadi və loqistik layihələrin icrası məsələləri ictimai firkirdə müzakirələrə səbəb olub. Həmçinin iyunun 28-də İranda keçiriləcək prezident seçkiləri də maraq doğuran məsələlər sırasındadır.
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, Azərbaycan-İran münasibətləri İbrahim Rəisinin prezidentliyinə bağlı bir məsələ deyil.
“Bu, bütövlükdə İran xarici siyasətinin bir kursudur. Bu münasibətlər siyasətin nəticəsi olaraq yüksək də, normal da, gərgin də ola bilir. İran-Azərbaycan münasibətlərini ölkənin ali dini rəhbəri Ayətullah Xamenei, onun yürütdüyü və təsdiqlədiyi xarici siyasət kursu müəyyən edir”, təhlilçi qeyd edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Turan agentliyinə bildirib ki, İran-Azərbaycan münasibətləri iki qonşu ölkədən daha çox bu ölkələrdə yaşayan iki xalqın münasibətləri əsasında formalaşır.
"Bu, qonşuluqdan daha artıq bir münasibətlərdir. İranın əhalisi bizim həm soydaşlarımızdır, həm də dindaşlarımızdır. Ona görə də İranda prezidentin kim olmasından asılı olmayaraq, daima bu faktor nəzərə alınacaq", o qeyd edib.
Babaoğlunun dediyinə görə, son görüşdə Azərbaycan Prezidentinin söylədiyi fikirlər də bir daha onu deməyə əsas verir ki, bəzi qüvvələrin yaratmağa çalışdığı gərginlik arxada qalmaqdadır və İran-Azərbaycan münasibətləri yaxşı olmağa məhkumdur.
"Ona görə də İranda kimin prezident seçilməyindən asılı olmayaraq bundan sonra İran-Azərbaycan münasibətləri yaxşılığa doğru gedəcək. 2021-2022-ci illərdə müşahidə etdiyimiz həmin o gərginləşmədən artıq gərginləşmə mümkün deyil. İran-Azərbaycan münasibətləri müsbət istiqamətdə və xüsusi dinamika ilə inkişaf edəcək", deputat belə düşünür.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə deyib ki, Azərbaycan İranla münasibətlərin yaxşılaşmasını istəsə də, bunun olacağını zənn etmək çətindir.
"Problem budur ki, İranda qərar verəcək bir neçə mərkəz var. Bir mərkəz Azərbaycan ilə münasibətlərin normallaşmasını istəyir, amma onun üstündəki digər hərbiləşmiş və yaxud ali dini liderin ətrafında olan mərkəz Azərbaycan əleyhinə yenidən açıqlamalar verir. Sərhəddəki su qovşaqlarının açılışından iki gün qabaq İranın rəsmi qəzeti "Tehran" Azərbaycan haqqında təxribatçı bir yazı yaymışdı", o qeyd edib.
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri isə hesab edir ki, Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı daha çox Cənubi Qafqazdakı vəziyyətdən asılı olacaq.
“Əgər Cənubi Qafqazda vəziyyət stabil olarsa, xüsusən Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi güclənərsə, tərəfləri qane edən sülh sazişi əldə olunarsa, eləcə də İran hakimiyyətinin daxilində bəslədiyi anti-Azərbaycan qüvvələrindən Azərbaycan dövlətçiliyinə qarşı istifadə etməzsə münasibətlər və müştərək layihələr genişlənə bilər”.
Təhliçinin qənaətincə, münasibtlərin müsbət məcrada inkişafı fonunda Orta dəhlizdən İran da faydalana bilər.
“Gələcəkdə Araz çayı üzərindən Naxçıvana keçən tranzit yol xəttindən İran da hərtərəfli istifadə edə bilər. Hətta həmin ərazidən perspektivdə dəmir yol xəttinin çəkilməsi ehtimalı var. Ötürmə (svop) yolu ilə İran təbii qazını Azərbaycana, daha sonra Avropaya göndərə bilər. Bu yolla İran təbii qazını şaxələndirmə yolu ilə bazara çıxarmaq imkanları var”.
Sədrəddin Soltan münasibətlərin inkişafının, iqtisadi layihələrin icrasının İrana qarşı tətbiq edilən sanksiyalardan da asılı olduğunu düşünür.
“Əgər perspektivdə BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları kəskinləşdirərsə təbii ki, İranla Azərbaycan arasında nəzərdə tutulan, ehtimal edilən böyük layihələrin icrası mümkün olmayacaq. Amma, indiki şəraitdə Azərbaycan tərəfi və bir sıra ölkələr BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sankislardan kənar sanksiyaları yetərli saymır. İndiki halda Azərbaycanla İran arasında münasibətlər bu iki ölkənin yeritdiyi xarici siyasət kursundan asılıdır. Ola bilər gələcəkdə sərhədyanı bölgələrdə, Azərbaycanla İran arasında böyük müşətərək bazarlar yaradılsın. Məsələn, indi Culfada var, ola bilsin gələcəkdə belə bazar Qarabağ istiqamətində yaradılsın, yaxud Biləsuvardakı bazar açılsın, yaxud Astaradakı bazarın imkanları genişləndirilsin. Eyni zamanda əsas məsələlərdən biri, Şimal-Cənub nəqliyyat xəttinin istifadəyə verilməsi, onun imkanlarından istifadə olunması da böyük layihələrdən sayıla bilər”, o qeyd edib.
Birgə iqtisadi layihələr barədə danışarkən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, əslində birgə layihələr iqtisadi əməkdaşlığı intensivləşdirməlidir.
“Buraya Şimal-Cənub nəqliyyat dəhlizi də daxildir. Amma, reallıq onu göztərir ki, bu layihələr də münasibətlərin tam normallaşmasına imkan vermir. Çünki, iqtisadi maraqlardan çıxış edən bir mərkəz var, Azərbaycanı zəiflətmək istəyən, təxribatçı bəyanatlar verən digər mətkəz var. Məsələn, İran 7 ildən sonra Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətləri bərpa etdi. Iranda mərkəzləşmiş qərar var ki, Səudiyyə Ərəbistanının əleyhinə açıqlama yaymaq olmaz. Amma, eyni qərarı Azərbaycanla bağlı vermirlər. Yəni qruplaşmalar arasında Azərbaycana münasibətdə fərq özünü göstərir”, o qeyd edib.
İranda gözlənilən prezident seçkilərinə gəlincə Elxan Şahinoğlu hesab edir ki, yenə mühafizəkar namizəd prezident seçiləcək.
“Çünki İbrahim Rəisidən sonra hətta şərti islahatçı namizədin belə prezident seçilməsinə imkan verməzlər. Namizədlər çox olacaq. Amma, onları süzgəcdən keçirib mühafizəkar namizədləri seçkiyə buraxacaqlar. Dəyişən bir baxış olmayacaq. Çünki, nə qədər ki, siyasi sistem dəyişməyib, prezidentin kimliyindən asılı olmayaraq nələrinsə dəyişəcəyini gözləmək mümkün deyil. Ölkədə konstitusiya var və konstitusiyaya görə ali dini lider üst qurumdur”, Şahinoğlu belə düşünür.
Sədrədddin Soltan İranda prezident seçkilərinin çətin olacağı qənaətindədir. Belə ki, hətta İbrahim Rəsinin vida mərasimində 3 əvvəlki prezident iştirak etməyib.
“Bu prezidentlər parlament seçkisində də iştirak etmədi. Mart ayında parlamentə və dini ekspert şurasına seçkilərdə səsverməyə Mahmud Əhmədinejat da, Həsən Ruhani də, Məhəmməd Hatəmi də qatılmadı. Hətta nəzarət şurası Həsən Ruhaninin dini ekspert şurasına namizəd kimi qeydə almaqdan imtina etdi. İddia etdilər ki, 2015-ci ildə Hatəmi İranın əleyhinə olan müqaviləyə qol çəkib. Odur ki, dəfn mərasiminə qatılmamaları həm İdrahim Rəisiyə, həm də İran hakimiyyətinə bu üç dövlət başçısının etirazıdır. Məsələn, Həsən Ruhani deyir ki, onun dini ekspert şurasına namizədliyinin qeydə alınmaması, prezidentlərin siyasi azadlığının məhdudlaşıdırılmasıdır. Məhəmməd Hatəmi də bunu tənqid edir. Əhmədinejat da seçkilərdə insanların az iştirakını pis qarşılayır və hakimiyyətə deyir ki, “utanın ki, seçkiyə az adam gəlir”. Bu onu göstərir ki, İran hakimiyyəti daxilində yarandığı gündən bu günə qədər olan ziddiyət davam etməkdədir. Yəni bu ziddiyyət iyunun 28-də keçiriləcək prezident seçkisində də özünü göstərəcək”.
Təhlilçi hesab edirki, seçkidə mühafizəkar xəttin nümayəndəsi qalib gələcək.
“Daha doğrusu Ayətullah Seyyid Əli Xameneinin istəydiyi adam udacaq. Çünki, islahatçının, yaxud naməlum bir qüvvənin namizədinin qələbə çalması indiki şəraitdə Tehran hakimiyyəti üçün çox çətin və fəlakətli nəticələr verə bilər. Məsələn, bu sınaqla İran hakimiyyəti Məhəmməd Hatəminin prezident seçkisinin birinci dönəmində, Həsən Ruhaninin prezident seçkisinin ikinci dönəmində üzləşdi və çox çətin oldu. Ona görə prezident seçkisi kampaniyası çətin olacaq. İranda növbəti dövr üçün prezidentliyə yeni namizəd hazırlanar. Çünki İran ana yasasına görə ali rəhbər, yəni Ayətullah Seyyid Əli Xamenei səlahiyyətlərini bu və ya başqa səbəbdən icra etmədiyi halda onu növbəti seçkiyə qədər prezident əvəz edir”.
Sədrəddin Soltanın fikrincə, elə namizəd seçiləcək ki, o həm avtomatik olaraq rejimdaxili qüvvələr tərəfindən qəbul edilsin, müəyyən dövr üçün ali rəhbərin səlahiyyətlərini icra etmək imkanlarına malik olsun. Hətta perspektivdə ali rəhbərin varisi olmaq imkanları olsun.