Accessibility links

Dövlət mediası İran prezidenti və xarici işlər nazirinin helikopter qəzasında ölü tapıldığını bildirir


Moj Xəbər Agentliyinin təqdim etdiyi bu fotoşəkildə xilasetmə qruplarının üzvləri İran prezidenti İbrahim Rəisini daşıyan vertolyotun İranın şimal-qərbindəki Varzeqan bölgəsində qəzaya uğramasından sonra hadisə qurbanının cəsədini daşıyırlar. 20 may, 2024.
Moj Xəbər Agentliyinin təqdim etdiyi bu fotoşəkildə xilasetmə qruplarının üzvləri İran prezidenti İbrahim Rəisini daşıyan vertolyotun İranın şimal-qərbindəki Varzeqan bölgəsində qəzaya uğramasından sonra hadisə qurbanının cəsədini daşıyırlar. 20 may, 2024.

İranın dövlət mediası İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmirabdollahian və digər rəsmilərin bazar ertəsi İranın şimal-qərbində helikopterin qəzaya uğradığı yerdə ölü tapıldığını bildirib.

Axtarış qrupları təyyarənin qalıqlarını bazar ertəsi, İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan yaxınlığında pis hava şəraitində qəzaya uğramasından bir gün sonra tapıblar. İnsident baş verən zaman İran rəsmiləri İran-Azərbaycan sərhədində bənd layihəsinin açılışında iştirak etdikdən sonra İrana qayıdırdılar.

İranın ali dini lideri Əli Xamneyi ölkədə beş günlük matəm elan edib və vitse-prezident Məhəmməd Möhbəri icra hakimiyyətinə məsul təyin edib. Bundan sonra qanuna əsasən 50 gün ərzində yeni prezident seçkiləri keçirilməlidir.

Xarici işlər nazirinin müavini Əli Baqeri Kani əvəzləyici xarici işlər naziri təyin edilib.

Bundan öncə verilən xəbərlərə əsasən, axtarış qrupları bazar ertəsi İran prezidenti İbrahim Rəisi və digər yüksək səviyyəli rəsmiləri daşıyarkən qəzaya uğrayan helikopterin yerini müəyyən etdikdən sonra heç bir həyat əlamətinə işarə olmadığını bildirmişdilər.

Xilasetmə qrupları bazar ertəsi səhər tezdən Şərqi Azərbaycan vilayətində gecə ərzində qar fırtınası və çətin relyef şəraitində qəza yerinə çatmağa çalışıblar.

“Biz dağıntıları görürük və vəziyyət yaxşı görünmür,” İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivand dövlət televiziyasına deyib.

Helikopter bazar günü İranın Şərqi Azərbaycan vilayətində Vərzəqan yaxınlığında pis hava şəraitində qəzaya uğrayıb.

İranın dövlət mediasının bildirdiyinə görə, helikopter İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmirabdollahian və iki rəsmi şəxsi bazar günü Azərbaycanla sərhəddə prezident İlham Əliyevlə bəndin açılışı mərasimindən sonra İrana geri gətirirdi.

İran mediası qəzaya uğrayan helikopterin mayın 19-da Azərbaycan-İran sərhədində, Araz çayı üzərində tikilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindən geri qayıdan İran rəsmilərini daşıyan üç helikopterdən biri olduğunu bildirib.

Mərasimdə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Seyid İbrahim Rəisi iştirak edib.

Prezident İlham Əliyev sosial şəbəkədə helikopterin qəzaya uğramasından “dərin narahat olduğunu” bildirərək, “dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir” yazıb.

“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır.”

Bir sıra ölkələr helikopterin qəzaya uğraması ilə bağlı narahatlıqlarını ifadə edib və xilasetmə işləri ilə bağlı yardım təklif ediblər.

Ağ Ev ABŞ prezidenti Co Baydenin qəza ilə bağlı bağlı məlumatlandırıldığını bildirib. Avropa İttifaqı fövqəladə peyk xəritələmə texnologiyasını aktivləşdirdiyini bildirib.

63 yaşlı Rəisi əvvəllər ölkənin hüquq-mühafizə orqanlarına rəhbərlik etmiş sərt xətt təmayüllü siyasətçidir. 2021-ci ildə prezident seçilmiş Rəisi vəzifəyə gəldikdən sonra əxlaq qanunlarının sərtləşdirilməsi əmrini vermiş, hökumət əleyhinə etirazlara qanlı şəkildə yatırılmasını həyata keçirmiş və dünya güdrətləri ilə nüvə proqramı ilə bağlı danışıqlarda sərt addımlar atmışdı.

O, İranın ali dini lideri Ayətullah Əli Xameneyinin yetirməsi kimi qiymətləndirilir və bəzi təhlilçilər onun 85 yaşlı lideri ölümündən və ya bu vəzifədən istefa verməsindən sonra əvəzləyə biləcəyini irəli sürüblər.

İran konstitusiyasına əsasən, prezidentin öldüyü və ya fəaliyyət qabiliyyətini itirdiyi halda bu vəzifəni 50 gün ərzində yeni prezident seçkiləri keçirilənə qədər birinci vitse-prezident tərəfindən icra edilir. Hazırda bu vəzifəni Məhəmməd Moxber tutur. Prezidentin rolu İranın ali lideri Ayətullah Əli Xameneiyə tabedir və o, ölkənin işlərinə dair son səlahiyyəti özündə saxlayır.

Bazar günü səhər saatlarında İranın dövlət televiziyası hökumət tərəfdarlarının Rəisinin sağ-salamat qayıtması üçün dua etmək üçün ölkənin müxtəlif bölgələrində toplaşdığını əks etdirən görüntüləri nümayiş etdirib.

Ölkənin ali dini rəhbəri və siyasi baxımdan son söz sahibi olan Ayətullah Əli Xameneyi xalqa təsəlli verərək, İslam Respublikasının rəhbərliyindən “narahat olmamağa” çağırıb və ölkənin fəzaliyyətində pozuntunun baş verməyəcəyinə əmin edib.

Forum

XS
SM
MD
LG