Accessibility links

Azərbaycan Prezidenti İranın ali dini rəhbərinə başsağlığı verib


Azərbaycan Prezidenti İlham Əliyev İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə bu ölkənin Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və onları müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir ki, İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri Azərbaycanı sarsıdıb.

“Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, Azərbaycan Prezidenti bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi də eyni məzmunlu başsağlığı verib.

İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-da Azərbaycanla sərhəddə, Araz çayı üzərində tikilmiş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının açılış mərasimindən geri dönərkən qəzaya uğrayıb. Nəticədə helikopterdə olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşimi və digər şəxslər həlak olub.

Forum

XS
SM
MD
LG