Accessibility links

Azərbaycan və İran prezidentləri Araz çayı üzərindəki hidroqovşağı açıb


 Seyid İbrahim Rəisi və İlham Əliyev.
Seyid İbrahim Rəisi və İlham Əliyev.

Mayın 19-da Azərbaycan-İran sərhəddində, Araz çayı üzərində tikilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Seyid İbrahim Rəisi iştirak edib.

Açılışdan öncə iki ölkə prezidentinin görüşü olub.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, İran Prezidenti Seyid İbrahim Rəisi bildirib ki, böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür.

“Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik”, o qeyd edib.

Prezidenti İlham Əliyev iki ölkənin prezidentinin görüşünü və mərasimi İran-Azərbaycan əlaqələrinin tarixində "gözəl, parlaq səhifə kimi qalacağını" bildirib.

“Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq”.

Prezident Əliyev hesab edir ki, İran-Azərbaycan əlaqələri bölgədə sabitliyin önəmli şərtidir.

“Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbəti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox olacaqdır”, Əliyev qeyd edib.

“Xudafərin” və “Qız Qalası” hidroqovşağı (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
“Xudafərin” və “Qız Qalası” hidroqovşağı (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə keçmiş SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanıb və həmin Sazişə əsasən "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilib.

Azərbyacan əraziləri erməni silahlı qüvvələrinin nəzarətinə keçəndən, yəni 1993-cü ildən sonrakı dövr ərzində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfindən aparılıb. 2016-cı ilin fevralında Azərbaycan və İran Hökumətləri arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik statnsiyasının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişdə Azərbaycan və İranın suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri bəyan edilib, hər iki tərəfin "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanıb.

İkinci Qarabağ müharibəsi zamanı, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyyatları nəticəsində Azərbaycan Ordusu Azərbaycanın İranla beynəlxalq səviyyədə tanınan bütün sərhədlərini nəzarətə götürüb. Beləliklə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı yeni situasiya yaranıb.

Hazırda iki ölkənin sərhədindəki Araz çayı üzərində 1,612 milyon kubmetr su tutumu olan “Xudafərin” və 56.75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi başa çatdırlıb.

Rəsmi məlumatlara görə, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.

Layihə həmçinin İran ərazisində təxminən 70 min hektar kənd təsərrüfatı sahəsini su ilə təmin edəcək.

Xatırladaq ki, elektrik stansiyalarının tikintisi davam etdirilir.

Forum

XS
SM
MD
LG