Accessibility links

Azərbaycanla İran iqtisadi və ticarət əlaqələrini müzakirə edib


Azərbaycan-İran Dövlət Komissiyasının iclası
Azərbaycan-İran Dövlət Komissiyasının iclası

Martın 13-də Tehranda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası açılıb. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat yazıb.

Azərbaycanın iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev deyib ki, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 16 faiz artıb.

Şahin Mustafayev və Həsən Ruhani
Şahin Mustafayev və Həsən Ruhani

“Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 700-ü ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,1 mlrd. ABŞ dollarına çatıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında təməli qoyulmuş birgə avtomobil istehsalı zavodu İran prezidenti Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində açılacaq”, o qeyd edib.

Nazirin sözlərinə görə, Bakıda Pirallahı Sənaye Parkında İranla birgə reallaşdırılan əczaçılıq zavodunun yaradılması istiqamətində işlər davam edir.

Energetika sahəsində “Xudafərin/Qız Qalası” (İranla sərhəddə Araz çayı üzərində-red) və “Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb”.

Mustafayev bildirib ki, neft-qaz sahəsində uğurlu əməkdaşlıq var.

“Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 kilometr, İranda 1,4 km dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2% artıb”.

Nazir Mustafayev qeyd edib ki, ötən müddət ərzində İrandan Azərbaycana gələn turistlərin sayı xeyli artıb.

“2016-cı ildə bu göstərici 247 min olduğu halda, ötən il 363 min olub. Azərbaycana gələn turistlərin sayına görə iranlılar 3-cü yerdədir”.

Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, Mustafayev diqqətə çatdırıb ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm, səhiyyə, bankçılıq sahələrində əməkdaşlıq üçün böyük imkanlar var. Azərbaycanda İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edilə bilər.

Şahin Mustafayev və Həsən Qazizadə Haşimi
Şahin Mustafayev və Həsən Qazizadə Haşimi

İranın iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, son illərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib.

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası martın 14-də davam edəcək və komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.

Bu gün nazir Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşündə də iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Şahin Mustafayevin İranın səhiyyə, müalicə və tibbi təhsili naziri Həsən Qazizadə Haşimi ilə görüşündə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində birgə elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi müzakirə olunub.

XS
SM
MD
LG