Accessibility links

Dünya liderləri İran prezidenti Rəisinin ölümünə reaksiya verib


ABŞ bazar ertəsi vertolyot qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmirabdollahian və digərlərinin vəfatı ilə bağlı başsağlığı verib.

"İran yeni prezidentini seçərkən, biz İran xalqına, onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsinə dəstəyimizi bir daha təsdiqləyirik" - deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Helikopter qəzaya İran rəsmiləri İran-Azərbaycan sərhədindən geri qayıdand zamanı uğrayıb. Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi "qardaş və dost İran İslam Respublikasının və onun xalqının başına gələn ağır itkidən dərin sarsıntı" keçirdiyini bildirib.

Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahianın helikopter qəzasında həlak olmasından sonra Pakistan bir günlük, Livan isə üç günlük matəm elan edib.

Rusiya prezidenti Vladimir Putin Rəisini “görkəmli siyasətçi” adlandırıb.

"Rəisi bütün həyatını vətəninə xidmətə həsr etmiş görkəmli siyasətçi idi. O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfə verib" - deyə, Putin bildirib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çin prezidenti Şi Tsinpinin Rəisinin ölümünün "faciə" olduğunu və "Çin xalqının yaxşı dostunu itirdiyini" deyib.

Suriya prezidenti Bəşar Əl-Əsəd İranla həmrəy olduğunu bildirib və deyib ki, Rəisi "Suriya ilə İran arasında strateji əlaqələrin daim çiçəklənməsini təmin etmək üçün çalışıb."

Misir prezidenti Əbdülfəttah Əl-Sissi Misirin "bu böyük itkiyə görə İran rəhbərliyi və xalqı ilə həmrəy olduğunu" bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rəisini "dəyərli həmkarım və qardaşım" adlandırıb.

"O, hakimiyyətdə olduğu müddətdə İran xalqı və bölgəmizdə sülh üçün göstərdiyi səylərə şəxsən şahidlik edən bir həmkar kimi cənab Rəisini hörmət və minnətdarlıqla xatırlayıram", Ərdoğan sosial şəbəkədə bildirib.

Hindistanın baş naziri Narendra Modi hadisədən şoka düşdüyünü və "Hindistanın bu kədərli vaxtda İranın yanında olduğunu" deyib.

İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani "böyük kədər" hissi keçirdiyini ifadə edib.

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Bin Zayed Əl-Nahyan ölkəsinin "bu çətin zamanda İranla həmrəy olduğunu" deyib.

Venesuela prezidenti Nikolas Maduro Rəisinin ölümündən "dərin kədər hissi keçirdiyini" bildirib və onu "gözəl insan, xalqının suverenliyinin müdafiəçisi və ölkəmizin qeyd-şərtsiz dostu" adlandırıb.

Malayziyanın baş naziri Ənvər İbrahim Rəisi "öz xalqının rifahı və İslam prinsiplərinə söykənən qürurlu və zəngin sivilizasiyanı təmsil edən millətinin ləyaqətinə dərin sadiqlik nümunəsi göstərib" deyib.

Avropa Şurasının sədri Şarl Mişel "Avropa İttifaqı səmimi başsağlığı verir" - deyə, bildirib.

Forum

XS
SM
MD
LG