Accessibility links

İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber kimdir?


Məhəmməd Moxber
Məhəmməd Moxber

Prezident İbrahim Rəisinin ölkənin şimal-qərbində helikopter qəzasında həlak olmasından sonra bazar ertəsi İslam Respublikası prezidentinin səlahiyyətlərinin icra edilməsi İranın birinci vitse-prezidenti Məhəmməd Moxberə həvalə edilib.

68 yaşlı Möxber İranın şiə teokratiyasında digər siyasətçilərlə müqayisədə daha çox kölgədə qalıb. Rəisinin ölümündən sonra konstitusiyaya görə, səlahiyyətlərin icrasının birinci vitse-prezidentə verilməsi ilə ictimaiyyətin diqqəti Moxberə yönəlib. İranda keçirilməsi tələb edilən prezident seçkilərinə qədər onun təxminən 50 gün müddətində müvəqqəti prezident vəzifəsini icra edəcəyi gözlənilir.

İranın ali dini lideri Ayətullah Əli Xameneyi Moxberin təyinatı haqda açıqlamanıRəisinin bazar günü qəzada ölümü ilə bağlı paylaşdığı başsağlığı mesajında verib.

Qəzaya uğrayan helikopter bazar ertəsi İranın şimal-qərbində tapılıb.

İctimaiyyətin diqqət mərkəzində olmamasına baxmayaraq, Moxber əsasən xeyriyyə təşkilatları daxil olmaqla, ölkənin güc strukturunda yüksək vəzifələrdə çalışıb. Bu fondlar İranın 1979-cu il İslam İnqilabından sonra ianələr və ya xüsusilə də İran şahı və ya onun hökumətinin üzvləri ilə əlaqəli olanların müsadirə edilmiş aktivləri hesabına formalaşıb.

Moxber İranda mərhum ali dini rəhbər Ayətullah Ruhullah Xomeyniyə istinadən, ingiliscə "İmam Xomeyninin Sərəncamının İcrası" və ya EIKO kimi tanınan bonyad və ya xeyriyyə fonduna rəhbərlik edib.

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, təşkilat "energetika, telekommunikasiya və maliyyə xidmətləri də daxil olmaqla, İran iqtisadiyyatının demək olar ki, hər bir sektorunda payı olan Ali Rəhbər Əli Xameneyinin birbaşa nəzarəti altında olan bir qurum" kimi milyardlarla dollarlıq aktivlərə nəzarət edib.

"EIKO rejimin əleyhdarlarının, siyasi rəqiblərin, dini azlıqların və sürgündə olan iranlıların torpaq və mülklərini müsadirə edərək, dissidentlərin hüquqlarını sistematik şəkildə pozub", ABŞ Maliyyə Nazirliyi 2021-ci ildə Moxberə sanksiya tətbiq edərkən bildirib. Avropa İttifaqı da İranın nüvə proqramı ilə bağlı narahatlıqlarına görə, digərləri ilə birlikdə bir müddət Moxberə sanksiya tətbiq edib.

EIKO-nun rəhbəri kimi Moxber pandemiyanın yüksək olduğu dövrdə COVID-19 peyvəndinin hazırlanması səylərinə nəzarət edib. On milyonlarla dozanın hazırlanacağı vəd edilsə də, heç bir izahat olmadan bunun yalnız bir hissəsi ictimaiyyətə çatdırılıb.

Moxber əvvəllər bank və telekommunikasiya sahəsində çalışıb. O həmçinin ölkənin meqa-layihələrini və bizneslərini idarə edən böyük bir konqlomerat - başqa bir bonyad olan "Mostazafan Fondu"nda çalışıb. Orada işlədiyi zaman o, mobil telefon xidməti təminatçıları "Turkcell" ilə Cənubi Afrikanın "MTN" şirkətləri arasında İran bazarına daxil olmaq məsələsi ilə bağlı hüquqi mübahisələrə cəlb edilib.

İran mediasının bildirdiyinə görə, beynəlxalq hüquq üzrə doktorluq dərəcəsi alan Moxber İranın neft sənayesinə qarşı Qərb sanksiyalarından yayınmaq cəhdlərində mühüm rol oynayıb.

Moxber 2022-ci ildən ali dini rəhbərə məsləhətlər verən, həmçinin parlamenlə İranın konstitusiyaya nəzarət orqanı olan və eyni zamanda ölkədə seçkilərə nəzarət edən “Nəzarət Şuras”ı arasında mübahisələri həll edən "Ekspertlər Şurası"nın üzvüdür.

Moxber 1955-ci il sentyabrın 1-də İranın cənub-qərbindəki Xuzistan vilayətinin Dezful şəhərində ruhani ailəsində anadan olub. İranın nüvə silahına malik olmasına qarşı çıxan "Nüvə İranına Qarşı Birlik" qrupunun bildirdiyinə görə, o, 1980-ci illərdə İran-İraq müharibəsi zamanı İnqilab Keşikçiləri Korpusunun tibb korpusunda zabit kimi xidmət edib.

Forum

XS
SM
MD
LG