Aprelin 18-də Azərbaycan Ali Məhkəməsi hakim İlqar Qılıcovun sədrliyi ilə Almaniyadan deportasiya edildikdən sonra həbs olunan fəal Pünhan Kərimlinin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini təmin etməyib.
Vəkil Cavad Cavadov məhkəmədən Pünhan Kərimliyə bəraət istəmişdi.
Pünhan Kərimli 2018-ci ilin oktyabrında Almaniyaya mühacirətə gedib. O, mühacirətdən öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qaldığını bildirib.
Lakin Almaniya məhkəməsi onun Azərbaycanda siyasi təqiblərə məruz qalmadığı qənaətinə gəlib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana deportasiya olunub. Bundan iki ay sonra o, narkotik ittihamı ilə həbs olunub.
Pünhan Kərimli ittihamı rədd edir. O, məhkəmədə həbsinin real səbəbini hakimiyyəti sərt tənqid etməsi ilə izah edib.
2022-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Samir Əliyevin sədrliyi ilə Pünhan Kərimlini 6 il həbsə məhkum edib, daha sonra Apellyasiya Məhkəməsi bu müddəti 1 il azaldıb.
2023-cü il mayın 16-da Ali Məhkəmə Pünhan Kərimlinin kassasiya şikayətinə baxıb və şikayəti yenidən apellyasiya instansiyasına qaytarıb. Daha sonra Bakı Apellyasiya Məhkəməsi hakim Cavid Hüseynin sədrliyi ilə Pünhan Kərimlinin həbs müddətinin 6 ildən 5 ilə endirildiyini bildirib. Amma Kərimlinin üzərində bundan öncə də 5 illik həbs cəzası var idi.
Müdafiə tərəfi Baki Apellyasiya Məhkəməsinin qərarından yenidən kassasiya şikayəti verib. Ali Məhkəmə bu gün, aprelin 18-də şikayəti təmin etməyib.
Müdafiə tərəfi Ali Məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət verəcəyini bildirib.
Pünhan Kərimlinin özü də Ali Məhkəmənin iclasında çıxış edib.
“O, məhkəmə heyətindən xahiş etdi ki, məhkəmə istintaqı zamanı narkotiklə əlaqəsi barədə hər hansı sübut varsa həbs müddətini uzatsınlar. Pünhan bəy dedi ki, iki ildən çoxdur ki, sübutsuz məhkəmə hökmü ilə həbsdə saxlanılır”, məhkəmədə iştirak edən hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə deyib.
Pünhan Kərimlinin atası Vahid Kərimov məhkəmənin qərarına etiraz edib.
“Məhkəmədə hakimin qərarına etiraz etdim. Hakimə dedim ki, əgər oğlumun narkotiklə əlaqəsi barədə hər hansı sübut varsa, təqdim etsinlər. Sübut varsa, mən oğlumdan imtina edərəm. Hər hansı sübut olmadan oğlumu 2 il 3 aydır həbsdə saxlayırsınız”, Kərimov qeyd edib.
Hazırda Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samir Aşurov müxtəlif ittihamlarla həbsdədir.
Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edib.