Aprelin 2-də Azərbaycanda mina partlamsı nəticəsində 4 nəfər xəsarət alıb.
Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına görə, Tərtər rayonunun Çaylı kəndi (Bakıdan 333 kilometr qərb) ərazisində mina partlaması nəticəsində 3 nəfər, Ağdam rayonunun (Bakıdan 334 kilometr qərb) işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində isə 1 nəfər xəsarət alıb.
Xəsarət alanlar Polad İsmayılov, Arzuman Tağızadə, Elmir Bağırov minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb. Ağdam rayonunda isə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Xəyyam Əliyev xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.
Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, 2020-ci il Qarabağ müharibəsi başa çatdıqdan sonra 350 nəfər Azərbaycan vətəndaşı mina və döyüş sursatlarının partlaması nəticəsində xəsarət alıb. 65 nəfər, o cümlədən 50 dinc sakin həlak olub, 281 nəfər yaralanıb.
Müşahidəçilərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.
ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.