Məhkəmə AXCP fəalı barədə həbs qətimkan tədbiri seçib

Əli Kərimli və Sahib Məmmədzadə (Mənbə: Sosial şəbəkə)

Martın 19-da Göygöl Rayon Məhkəməsi hakim Əyyub Kərimovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə cinayət işi qaldırılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Zabil Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, Sahib Məmmədzadə məhkəmədə ittihamı qəbul etmədiyini bildirib.

Vəkil Göygöl Rayon Məhkəməsinin həbs qətimkan tədbiri barədə qərarından apellyasiya şikayəti verəcəyini deyib.

Qəhrəmanovun dediyinə görə, Məmmədzadə artıq Gəncə şəhərindəki 2 saylı İstintaq Təcridxanasına köçürülüb.

Sahib Məmmədzadə martın 18-də mal qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb.

Məmmədzadə saxlanılarkən onunla birgə olan bacısı Tacirə Məmmədzadə Amerikanın Səsinə deyib ki, Daşkəsən şəhərinin girəcəyində onların olduğu KAMAZ markalı yük avtomobili polislər tərəfindən saxlanılıb.

“Biz mal-qaramızı, yəni köçümüzü Xoşbulaq kəndinə yaylağa aparırdıq. Bu zaman köçümüzü aparan KAMAZ markalı yük avtomobilini polislər saxladılar. Qardaşım şübhələndi və telefonunu mənə verdi ki, onu şərləyə bilərlər, baş verənləri çəkim. Oraya üç avtomobillə polislər gəldi. Üç nəfər mənim üzərimə cumdu, qalanı Sahibin üzərinə yeridi. Sahibi avtomobilə oturdub apardılar. Məni döydülər, telefonun kodunu tələb etdilər. Telefonun kodunu demədim. Həm də çəkiliş edə bilməmişdim. Telefonu aldılar. Onlar başıma, bədənimin müxtəlif yerlərinə zərbələr endirdilər. Bədənimin hər yerində qançır izləri indi də qalır”, o qeyd edib.

AXCP Məmmədzadənin siyasi fəaliyyəti ilə bağlı saxlanıldığını bildirib.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, Sahib Məmmədzadəni zorakılıqla saxlayıb naməlum istiqamətə aparanlar “dövlətin güc və ya repressiya qurumlarıdır”.

“Bizim bugünkü cari vəzifəmiz Sahib Məmmmədzadəyə, Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbuslara hamılıqla azadlıq tələb etməkdir”, o qeyd edib.

AXCP bildirir ki, hazırda bu partiyanın 11 nəfər fəalı həbsdədir. Məlumatda deyilir ki, AXCP fəalları Şahin Hacıyev, Elxan Əliyev, Zamin Salayev, Niyameddin Əhmədov, Pünhan Kərimli, Mütəllim Orucov, Aqil Hümbətov, Razi Alışov, Elbəyi Kərimov, Elnur Həsənov və Sahib Məmmədzadə həbsdədir.

Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.