Təhlilçi Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərindən danışıb

İlham Əliyev və Kasım-Jomart Tokayev (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Martın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövlət səfəri ilə Bakıda olub.

Səfər çərçivəsində o, prezident İlham Əliyevlə danışıqlar aparıb və Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edib.

Tərəflər Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi üzrə birgə işlərin intensivləşdirilməsi, Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqlinin artırılması, Transxəzər nəqliyyat marşrutunun inkişafı, enerji və bərpa olunan enerji mənbələri sahəsində perspektivli layihələrin həyata keçirilməsi, həmçinin mədəni-humanitar əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərini müzakirə edib.

Danışıqların yekunu olaraq iki dövlət başçısı “Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzalayıb.

Tərəflər həmçinin kiçik və orta biznes, media, neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması, mədəniyyət və informasiya, kosmosun dinc məqsədlərlə tədqiq edilməsi və istifadəsi, nəqliyyat, gəmiçilik və təhsil sahəsində əməkdaşlıq barədə sənədlər imzalayıb.

Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyib.

Çinin Sian şəhərinin Qazaxıstan-Çin terminalından keçməklə Bakıya gələn qatar (Məndə: Azərbaycan Prezidentinin Administrasiyası)

Prezidentlərə məlumat verilib ki, qatar Çinin Sian şəhərinin Qazaxıstan-Çin terminalından keçməklə Bakı şəhərinədək məsafəni on bir günə qət edib.

“61 konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb. Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır”, məlumatda deyilir.

Bu ilin yanvar-fevral aylarında “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 5395 min ton təşkil edib.

Xatırladaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir.

Mehman Əliyev

Turan agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə deyib ki, son illər iki dövlət arasında əlaqlər sürətlə inkişaf edir.

“Münasibətlər əsasən İkinci Qarabağ müharibəsindən sonra fəallaşıb. Azərbaycan Mərkəzi Asiya dövlətlərinin formatlarında aktiv iştirak etməyə başlayıb. Burada birinci növbədə ticarət münasibətlərinin inkişafı, nəqliyyat dəhlizlərinin fəallığının artırılması, yeni müştərək layihələrin həyata keçirilməsi, yəni bütövlükdə bu regionda post-sovet dövründən sonra münasibətlər aktiv inkişafdadır”.

Onun fikrincə, bu tendensiya türkdilli dövlətlərin təşkilatı çərçivəsində inkişaf edir.

“Prezident İlham Əliyev inaqurasiya çıxışında deyib ki, Azərbaycanın türk dövlətləri ilə əlaqələri prioritetdir. Əslində türkdilli ölkələrin hamısı bu mesajı qəbul edir. Son tendensiyalar da bunu sübut edir. Ona görə də digər türkdilli dövlətlərlə yanaşı Qazaxıstan da Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Bu körfəzə, region dövlətlərinə, dünya bazarına çıxış üçün çox qısa yoldur. Ona görə də Azərbaycanla Qazaxıstan arasında neft sahəsində əməkdaşlığın inkişafını görürük”, o qeyd edib.

Təhlilçi bildirib ki, Rusiyanın Novorossiysk limanı böyük həcmdə Qazaxıstan neftini keçirmə qabiliyyətində deyil.

“Bu liman birinci növbədə Rusiya neftini ötürür. Hava şəraiti yaxşı olmayanda nefti nəql edə bilmirlər. Bosfor boğazında neftin keçirlməsində də problemlər var. Rusiya-Ukrayna müharibəsi də təhlükələr yaradır. Bu baxımdan ən qısa və təhlüksəzi yol Bakı istiqamətidir. Qazaxıstan nefti AzəriLayt neftindən keyfiyyətcə aşağıdır. Onun müəyyən miqdarını Bakı-Ceyhan kəməri vasitəsi ilə ötürə bilirik. Ona görə nəzərə alınır ki, gələcəkdə Bakı-Supsa kəmərindən istifadə edib, oradan təxminən ildə 5-6 milyon ton neft ixrac oluna bilər. Bununla yanaşı, Qazaxıstan neftini emal edərək keyfiyyətini yüksəltmək üçün Azərbaycanda müəssisə yaratmaq məsələsi ilə bağlı da danışıqlar aparılır”.

Mehman Əliyev deyib ki, yaşıl dəhliz məsələsi də gündəlikdədir.

“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. İndi Mərkəzi Asiya dövlətlərini də bu prosesə qoşmaq gündəlikdədir. Azərbaycanın vasitəsi ilə Mərkəzi Asiya ölkələrində yaşıl enerjini inkişaf etdirmək istəyirlər”, o qeyd edib.

Təhlilçinin fikrincə, bununla yanaşı təhlükəsizlik məsələlərində əməkdaşlıq gündəlikdədir.

“Bütün sahələrdə potensial var. Bunun üçün danşıqlar vasitəsi ilə bütün sahələrdə əalqələrin inkişafı mümkündür”.

Əlaqələrin inkişafının siyasi təhlükələrindən danışarkən Mehman Əliyev deyib ki, hazırda Rusiya türkdilli dövlətlərin əlaqələrinin əleyhinə çıxmır.

“Rusiya Mərkəzi Asiya dövlətləri və Azərbaycanla normal münasibətlərə, o cümlədən ticarət əlaqələrinə malikdir. Türkdilli dövlətlər də Rusiya ilə qarşıdurma yaratmaq fikrində deyil. Çünki qarşılıqlı faydalı əməkdaşlıq var. Amma ola bilər ki, Rusiyanın daha revanşist dairələri təzyiq mövqeyində olsunlar. Türkdilli dövlətlərin İttifaqının möhkəmlənməsi və genişlənməsi gələcəkdə bu kimi dairələrin ola biləcək təzyiq və ya müdaxilələrinin qarşısını alamq üçün vacibdir. Əlbəttə bu, bir məsələdir. Ona görə də türkdilli dövlətlərin birgə təhlükəsizlik və müdafiə sistemlərinin qurulması məsələləri də nəzərdə tutulur”, o belə düşünür.