ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirib.
“Hesab edirəm ki, gərginlik indi daha çox diplomatiyanın vacibliyinə işarə edir, lakin mən son hadisə ilə bağlı spekulyasiya etmək istəmirəm”, O`Brayn fevralın 14-də Avropaya səfərindən öncə Turan agentliynin sualının cavabında bildirib.
Ceyms O`Brayn həmçinin ABŞ-ın “tərəfləri bir araya gətirməyə çalışmaq yolunu davam etdirəcəyini” bəyan edib.
Ceyms O`Brayn Münhen Təhlükəsizlik Konfransında dövlət katibi Entoni Blinkeni müşayiət edəcək.
Tədbirə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın da qatılacağı gözlənilir.
O'Brayn Münhendə ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyü ilə bağlı suala cavab verməkdən yayınıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Sünik vilayətinin Nerkin Hand kəndi yaxınlığında yerləşən mövqelərini atəşə tutub. Nəticədə Ermənistanın dörd əsgəri həlak olub, bir əsgəri yaralanıb.
Bu insident Azərbaycan-Ermənistan sərhədində son günlər silahlı insidentlərin fonunda qeydə alınıb. Fevralın 12-də Azərbaycan-Ermənistan sərhədində Azərbaycan hərbçisi yaralandırqdan sonra, növbəti gün insidentlər davam edib.
ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə Münhendə 2023-cü ilin fevralında görüşüb. Bundan öncə də iki ölkə lideri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüb və sual-cavab sessiyasında iştirak edib.