Azərbaycan Korrupsiya Qavrama İndeksində 180 ölkə arasında 154-cüdür

Azərbaycan 2023-cü il üzrə Korrupsiya Qavrama İndeksində 100 mümkün baldan 23 bal toplayaraq dünyada 180 ölkə arasında 154-cü yerdə qərarlaşıb.

Bu barədə Beynəlxalq Şəffaflıq (Transparency International) Təşkilatının yanvarın 30-da yaydığı “Korrupsiya Qavrama İndeksi (KQİ) 2023: Qanunun aliliyi və siyasi dürüstlük təhdidləri korrupsiyaya qarşı tədbirləri sarsıdır” adlı hesabatında deyilir.

Sənəddə bildirilir ki, geniş yayılmış demokratik geriləmə və zəifləyən ədliyyə sistemləri dünyada korrupsiyaya nəzarəti zəiflədir.

“Çünki polis, prokurorluq və məhkəmələr kimi qurumlar çox vaxt öz səlahiyyətlərindən sui-istifadə edənləri araşdırıb cəzalandıra bilmirlər. Müharibə və inflyasiyanın yoxsulluq səviyyəsini artırdığı bir bölgədə liderlərin ümumi rifah üçün hərəkət etməsi çox vacibdir. Bununla belə, dövlət məmurlarının öz güclərini artırmaq və dövlət vəsaitlərini oğurlamaq üçün sistemli şəkildə təsir göstərdiyinə dair saysız-hesabsız nümunələr var. Liderlər təcili olaraq qanunun aliliyini, hüquqları və demokratiyanı gücləndirməlidirlər, lakin bir çoxları sistematik olaraq onlara hücum edir”, hesabatda qeyd edilir.

“Ədliyyə sistemləri yanlış hərəkətləri cəzalandırmağa və hökumətləri nəzarətdə saxlamağa başlayana qədər korrupsiya inkişaf etməkdə davam edəcək. Ədalətin pozulduğu və ya siyasi müdaxiləyə məruz qaldığı yerdə sadə insanlar əziyyət çəkir. Liderlər bütün səylərini qanunun aliliyini qoruyan və korrupsiya ilə mübarizə aparan qurumların müstəqilliyinin təmin edilməsinə sərf etməlidir. Korrupsiyaya görə cəzasızlığa son qoymağın vaxtıdır”, Beynəlxalq Şəffaflıq Təşkilatının sədri Fransua Valerian vurğulayıb.

Korrupsiya Qavrama İndeksi (Mənbə: Beynəlxalq Şəffaflıq Təşkilatı)

Beynəlxalq Şəffaflıq Təşkilatı bildirir ki, Korrupsiya Qavrama İndeksi (KQİ) qanunun qeyri-funksional aliliyi, artan avtoritarizm və sistemli korrupsiya Şərqi Avropa və Mərkəzi Asiyanın narahatedici mənzərəsini təsvir edir.

“Bu region orta hesabla 100 baldan 35 bal toplayıb və onu dünyada ikinci ən aşağı bal toplayan region edir. 2023-cü ildə Şərqi Avropa və Mərkəzi Asiyanın əksər ölkələri korrupsiyaya qarşı irəliləyiş əldə etməsə də, beş ölkə son 10 ildə öz xallarını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu onu göstərir ki, regionun əksər hissəsində ciddi problemlərə baxmayaraq, dəyişiklik mümkündür”, sənəddə xatırladılır.

“Belə ki, regionda Bosniya və Herseqovina (KQİ balı 35), Türkiyə (34) və Türkmənistan (18) istisna olmaqla, qalanları anti-korrupsiya səylərində durğunluq nümayiş etdiriblər. Serbiya (36), Rusiya (26) və Tacikistan (20) kimi Türkiyə də bu il KQİ-də bu günə qədərki ən aşağı göstəriciyə çatıb”, hesabatda qeyd edilir.

Beynəlxalq Şəffalıq Təşkilatı hesab edir ki, korrupsiyaya imkan verən əsas amil avtokratiyalardır.

“Regionda sonuncu yerdə olan Azərbaycan (23), Tacikistan (20) və Türkmənistan (18) ciddi korrupsiya problemləri ilə mübarizəni davam etdirir. Hakim elitanın dövlət institutları üzərində avtoritar nəzarəti möhkəm kök salmışdır, korrupsiya hakimiyyəti saxlamaq və hesabatlılıqdan yayınmaq üçün istifadə olunur. Bu ölkələrin aşağı balları sistemli idarəetmə çatışmazlıqlarını və müstəqil nəzarətin olmamasını əks etdirir, burada korrupsiya cəmiyyətin və dövlətin müxtəlif səviyyələrini aşır, eyni zamanda vətəndaş və siyasi hüquqlara xələl gətirir”, hesabatda qeyd edilir.

​Azərbaycanın qonşuları - Gürcüstan 100 mümkün baldan 53 bal toplayaraq 180 ölkə arasında 49-cu, Ermənistan 47 bal toplayaraq 62-ci yerdə qərarlaşıb.

Azad İqtisadiyyata Yadım İctimai Birliyinin sədri Zöhrab İsmayıl Amerikanın Səsinə bildirib ki, ölkədə korrupsiyanın səviyyisini aşağı salmaq üçün ilk növbədə effektiv antikorrupsiya siyasəti olmalıdır.

“Bu sənəd parlament səviyyəsində qəbul olunmalıdır və qanunlarla kompleksləşdirilməlidir. Sənəddə ilk növbədə məmurların öz gəlirləri barədə bəyannamə verməsi, bunun ictimaiyyətə və vergi orqanlarına açıqlanması əksini tapmalıdır. Benefisiar sahibkarlığın (hüquqi və ya fiziki şəxs üzərində qanunsuz sahibliyi olan, ondan faydalanmaqla yanaşı, nəzarəti və idarəetməni həyata keçirən, qərarların qəbul edilməsində təsirə malik olan, qanunsuz mənfəət götürən şəxs-red) aradan qaldırılması üçün şirkətlərin və ya hüquqi şəxslərin reyestri ictimaiyyətə açıqlanmalıdır. Yəni ictimaiyyət bilməlidir ki, şirkətlərin təsisçiləri kimlərdir, onlar hansı payları alırlar, payları vergiyə cəlb olunurmu”, o qeyd edib.

Təhlilçi hesab edir ki, prokurorlar və hakimlər də gəlirləi barədə bəyannamə təqdim etməlidir.

“İctimaiyyət bilməlidir ki, hakimlər və prokurorların gəlirlərinin mənbəyi haradandır, o bildirib”.

Zöhrab İsmayılın fikrincə, informasiya əldə etməklə bağlı qanunvericiliyə də dəyişiklik edilməlidir.

“Belə ki, ictimaiyyət, qeyri hökumət təşkilatları, media dövlətin maliyyə fəaliyyəti ilə bağlı məlumatları əldə edə bilməlidir”, o deyib.

Zöhrab İsmayıl həmçinin korrupsiya cinayətlərinə görə cəzaların sərtləşdirilməsinin tərəfdarıdır.

“Korrupsiya cinayətlərinə görə ciddi cəza olmalıdır. Rüşvət və korrupsiyaya görə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzalar ağırlaşdırılmalıdır. Eyni zamanda, bu cinayətdə ittiham olunanlara müəyyən qadağalar tətbiq edilməlidir. Məsələn, ağır korrupsiya ittihamları ilə cəzalandırılan şəxslərin müəyyən müddətdə siyasətlə məşğul olmasına, şirkət, media, QHT yaratmasına qadağalar qoyula bilər”, o qeyd edib.