Dekabrın 13-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhədində, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilərin mübadiləsi olub. Azərbaycan 32 Ermənistan hərbçisini, Ermənistan isə 2 Azərbaycan hərbçisini təhvil verib. Bu son illərdə vasitəçilər olmadan hərbçilərin birbaşa mübadiləsidir.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatıan görə, Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad edilib.
“Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib”, məlumatda qeyd edilir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Amerikanın Səsinə bildirib ki, mandatına uyğun olaraq BQXK, dekabrın 13-də azad olunan şəxslərə baş çəkərək onlarla rəftarı və saxlanma şəraitini qiymətləndirib.
"BQXK-i həmçinin, bu şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradıb. Biz həmçinin təhvilvermədən əvvəl bu şəxslərlə görüşüb və söhbət aparmışıq. Onların hamısı geri qayıtmaq arzusunda olduqlarını bildiriblər", o qeyd edib.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağda əsir götürülənlərdir.
İki azərbaycanlı əsgər isə 2023-cü ilin aprelində Ermənistanın Qafan rayonu ərazisində əsir götürülüb.