Təbrizdə təhlükəsizlik qüvvələrinin təcridxanasında saxlanılan azərbaycanlı fəal Cavad Sudbərin həyat yoldaşı İlham Həbibi ərinin aclıq aksiyasına başladığını elan edərək, ərinə dəstək məqsədilə özünün də aclığa başladığını bildirib.
İlham Həbibi bu barədə öz İnstagram səhifəsində məlumat paylaşıb. O, bildirib ki, həyat yoldaşı Cavad Sudbər ilə son telefon danışığında milli fəal dekabrın 9-dan qanunsuz saxlanması və vəziyyətinin naməlum olduğu üçün aclıq aksiyasına başlayıb.
"17 il onun hər zaman yanında olduğum kimi bu gün də onunla bərabər ədalət bərqərar olanaqədər aksiyaya başlayacağam." - deyə İlham Həbibi öz İnstagram səhifəsində paylaşıb.
Güneyli fəal həbs olunduğu gündən vəkilə çatım hüququndan və ailəsi ilə görüşməkdən məhrum edilib. Ötən günlər ərzində onunla birgə həbs edilən bir sıra milli fəallar müvəqqəti olaraq azadlığa buraxılmasına baxmayaraq, Cavad Sudbər hələ də Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılır.
SEE ALSO: İran Azərbaycanında azı 6 milli fəal həbs edilibSentyabrın 13-də Təbriz şəhərində milli fəal Cavad Sudbər digər 5 milli fəal Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Əmir Hüseyn Ağayi və Seyid Məhəmmədrza Müvəhhid ilə eyni vaxtda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Onunla eyni gün həbs edilən digər 4 fəal azad edilib, lakin Cavad Sudbər və Əli Babayi hazırda Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılır.
Hazırda bu iki fəaldan başqa saxlanılan fəallara dəstək mahnısı oxuyan Təbrizli rep ifaçısı Milad Cəlili və tanınmış siyasi fəal Yürüş Mehrəlibəyli də təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılır.