Həbsdə olan milli fəallara dəstək mahnısı oxuyan və yayımlayan təbrizli repçi Milad Cəlilinin İnstaqram səhifəsi silinib.
Elşən kimi tanınan rep musiqisi sahəsində fəaliyyət göstərən sənətçi Milad Cəlilinin İnstagram səhifəsinin bütün məzmunu silinib və bu səhifənin məhkəmə orqanının qərarı ilə bağlandığını göstərən yazı dərc edilib. Həmin yazıda səhifənin bağlanmasının səbəbi kimi "kriminal məzmun paylaşmaq" qeyd olunub.
Milad Cəlili noyabrın 28-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, həbs edilmədən qısa müddət əvvəl aylardır kəşfiyyat idarəsinin təcridxanasında saxlanılan milli fəallara dəstək mahiyyətli rep mahnısı oxuyaraq İnstagram səhifəsində paylaşmışdı. O, mahnını "bütün millətçilərə" ithaf etdiyini də səhifəsində qeyd etmişdi.
Bölgədəki insan haqları müdafiəçilərinin yaydığı məlumata görə, Milad Cəlili dekabr ayının 3-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb, fiziki durumunun yaxşı olduğunu bildirib. Lakin saxlanıldığı yerlə bağlı məlumat verməyib.
Gənc rep ifaçısına qarşı irəli sürülən ittihamlar barəsində hələ ki, məlumat yoxdur.
Forum