Son günlər "Abzas Media" internet nəşrinin əməkdaşlarına qarşı qaldırılan cinayət işi ilə bağlı bu nəşrlə əməkdaşlıq edən çoxsaylı yazarlar istintaqa ifadə verib. Dünən nəşrlə əməkdaşlıq Şəmistan Həziyev, bu gün, dekabrın 6-da Leyla Ağayevə istintaqa dəvət edilib.
Nəşrlə əməkdaşlıq edən araşdırmaçı jurnalist Hafiz Babalı isə istintaqda adı keçən bir çox şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulduğunu bildirib.
“Bakının Xətai Rayon Məhkəməsi noyabrın 29-da “Abzas Media”ya qarşı qaldırılan cinayət işi üzrə adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi odənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxarıb”, o Facebook səhifəsində qeyd edib.
Jurnalist bildirir ki, ona təqdim edilən sənəddə o sadəcə şahid deyil, təqsirləndirilən şəxs kimi qeyd edilib.
“Mən təqsirləndirlən şəxs kimi tanınma qərarının verilməsindən bir gün sonra Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şahid qismində dindirilmişəm. İttiham tərəfi məni hansı qanunsuz əməldə gunahlandıra bilər? Başa düşürəm, elə bir mühitdə, cəmiyyətdə və hakimiyyət altında yaşayırıq ki, istənilən məsum insanı ən ağır cinayətdə belə bu ölkənin məhkəməsi ittiham edib həbsə ata bilər və edir - nümunələr kifayət qədərdir. Abzas-la əməkdaşlıq etmişəmmi? Bəli. Jurnalistəm. Bu, mənim işimdir. Dindirmədə də bildirdiyim kimi, Azərbaycanda həmin araşdırmaları dərc edəcək çox az sayda KİV qalıb. Araşdırmalarım Abzas sayəsində geniş rezonans yaradıb. Həmin araşdırmaları hazırlayarkən janrın xüsusiyyətinə uyğun olaraq, çox vaxt peşəkar təhqiqatçı kimi, yüzlərlə mənbə və sənədlərlə işləməli olmuşam. O şeyləri ki, prokurorluq "görmür", mən incəliklərinə qədər yazıb oxucunun ixtiyarına vermişəm. Sabir demiş: düzü düz, əyrini hamvar. Amma aynaya baxanlar çarəni, deyəsən, onu qırmaqda görürlər”, o qeyd edib.
Araşdırmaçı jurnalist hesab edir ki, başqa ölkədə yaşasaydı yazdığı məqalələrə görə dövlət səviyyəsində təşəkkür eşidərdi.
“Başqa ölkələrdə qanunsuz varlananlara qarşı cinayət işi açılacaqdı. Azərbaycanda isə nəsibim, gördüyünüz kimi, bunun tam əksidir: hakimiyyət onu tənqid edənləri təqib edir. Amma qətiyyən narahat deyiləm. Jurnalistika cinayət deyil. Cinayət dövlətin sərvətini, büdcəsini ata malı kimi istifadə etmək, dövlətin pul ayırdığı işləri öz ailə üzvlərinə, nazirlərin ailələrinə ötürmək və nəhayət, qanunlara nəzarət etməli olan prokurorluq orqanlarının susqunluğudur. Cəmiyyət də bütün bu talanları sadəcə seyr edib, səsini çıxarmayacaqsa, o da gələcək nəsillər qarşısında mənəvi məsuliyyət daşıyacaq”, jurnalist Facebook səhifəsində qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək hələ mümkün olmayıb.
Bakı şəhər Baş Polis İdarəsi noyabrın 22-də “Abzas Media” internet nəşrinin əməkdaşlarlına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi qaldırıb.
Bundan öncə, noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları “Abzas Media”nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Nəşrin səlahiyyətli şəxsləri götürülən vəsaitin onlara aid olmadığını bildirir və ittihamı qəbul etmir. Cinayət işinin “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirir.
Beləliklə, qaçaqmalçılıq ittihamı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı və jurnalist Nərgiz Absalamova həbs edilib.