Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində oktyabrın 5-i İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş baş tutub. Görüşdə Azərbaycan prezidentinin iştirakı nəzərdə tutulsa da, İlham Əliyev bundan son anda imtina edib.
Liderlər görüşün yekununda yaydıqları birgə bəyanatda Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına sarsılmaz dəstəklərini vurğulayıblar. Onlar həmçinin Aİ-Ermənistan münasibətlərinin bütün ölçülərdə Ermənistan Respublikasının ehtiyaclarına əsaslanaraq gücləndirilməsini dəstəklədikləri bildiriliblər və Qarabağ ermənilərinin kütləvi köçü ilə üzləşən Ermənistana əlavə humanitar yardımın göstərilməsinin zəruriliyi barədə razılığa gəliblər.
“Qaçqınlar öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını heç bir şərt olmadan, beynəlxalq monitorinq altında, öz tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə yanaşılmaqla azad şəkildə həyata keçirməlidirlər”, bəyanatda qeyd edilir.
Liderlər həmçinin Prezident Mişelin 14 may və 15 iyul 2023-cü il bəyanatlarında qeyd olunduğu kimi onlar Ermənistan (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qaldıqlarını bildiriblər. Onlar güc tətbiq etməmək və güc tətbiqi ilə hədələmə prinsipinə ciddi riayət etməyə çağırıblar.
“Biz diplomatiyaya, siyasi dialoqa inanırıq,” Şarl Mişel görüşdən sonra mətbuata açıqlamasında bildirib.
“Ona görə də mən Baş nazir Paşinyanı və Prezident Əliyevi oktyabrın sonunda Brüsseldə görüşməyə dəvət edəcəyəm. Fikrimcə, burada üç prinsip olduqca önəmlidir. İlk olaraq Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması, ikincisi, sərhədlərin delimitasiya və demarkasiyasının Almatı bəyannaməsinə əsaslanmasıdır. Nəhayət üçüncü önəmli prinsip isə nəqliyyat xətlərinin açılması ilə bağlıdır ki, bu da ölkələrin suverenliyinə, yurisdiksiyasına və qarşılıqlıq prinsipinə əsaslanmalıdır”, Aİ Şurasının prezidenti vurğulayıb.
Azərbaycan və Ermənistan liderləri ilə Brüsseldə keçirilən əvvəlki görüşlərdə irəliləyişə nail oluduqlarını qeyd edən Şarl Mişel, Aİ-nin normallaşma prosesində pozitiv rol oynamaqda, Cənubi Qafqazda sabitlik, firavanlıq və təhlükəsizlik səylərinə dəstək olmaqda qərarlı olduğunu bildirib.
Birgə bəyanatda həmçinin qeyd edilir ki, görüş iştirakçıları sabiq SSRİ Baş Qərargahının tərəflərə təqdim etdiyi ən son xəritələri əsasında sərhədin delimitasiyası istiqamətində təcili iş aparılmasının zəruriliyini vurğuladılar ki, bu xəritələr həm də qüvvələrin bir-birindən uzaqlaşdırılması, sülh müqaviləsinin yekunlaşdırılması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.
Liderlər daha geniş regional əməkdaşlığa və bütün sərhədlərin, o cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin yenidən açılmasına, habelə ölkələrin suverenliyinə, yurisdiksiyasına tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplər əsasında regional əlaqələrinin açılmasına, Ermənistan və Azərbaycanı bütün məhbusları azad etməyə, itkin düşənlərin taleyini həll etmək və minalardan təmizləmə işini asanlaşdırmaq üçün əməkdaşlığa çağırıblar.
Fransa prezidenti Emmanuel Makron mətbuat üçün brifinqdə İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın sammitə qatılmamaqla bağlı qərarından təəssüfləndiyini bildirib. Makron Fransanın Azərbaycanla Ermənistan arasındakı münaqişənin beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həllinə sadiq olduğunu qeyd edib.
Bundan əlavə, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırışlara toxunan Makron, sanksiyaların faydalı olacağını düşünmədiyini qeyd edib. “Biz Ermənistana dəstəyimizi davam etdirəcəyik, ancaq indi sanksiyaların zamanı deyil, çünki Azərbaycanla danışmağa davam etməliyik”, Makron vurğulayıb.
Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Aİ, Azərbaycan, Ermənistan, Almaniya və Fransa liderləri arasında beştərəfli formatda növbəti görüşün keçirilməsi planlaşdırılsa da, Azərbaycan son anda görüşə qatılmaqdan imtina edib.
Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev imtinaya səbəb kimi Türkiyənin görüşdə iştirakına imkan verilməməsi, habelə Fransanın “qərəzli mövqe” tutmasını göstərib. Ancaq Hacıyev bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməməli olduğunu deyib.
İlham Əliyev cümə axşamı Almaniya kansleri ilə telefon danışığında Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.