ABŞ Azərbaycanın Qarabağın beynəlxalq müşahidə missiyasına açıq olacağı ilə bağlı mövqeyini alqışlayır

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller sentyabrın 27-də keçirilən ənənəvi brifinqdə son günlər Qarabağ regionu ətrafında baş verənlərlə bağlı danışıb.

Mətbuat katibi Turan agentliyinin sualının cavabında bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri (USAİD) Samanta Pauer və Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim Azərbaycanda dünənki səfəri zamanı bir sıra məqamları vurğulayıb.

“O dünən Prezident Əliyevlə söhbətində Dövlət katibinin vurğuladığı və mənim bu tribunadan təkrarladığım, yəni bir nömrəli olaraq, atəşkəsin qorunduğunu görmək istəyirik, ikinci, biz humanitar ehtiyacların həllini görmək istəyirik. Bu, Laçın dəhlizinin açıq saxlanılması deməkdir, humanitar yardımların daxil olmasını təmin etmək və humanitar ehtiyacların həllini təmin etmək üçün beynəlxalq monitorinq missiyası deməkdir”, o qeyd edib.

Miller bildirib ki, ABŞ Azərbaycan hökumətinin beynəlxalq müşahidə missiyasına açıq olacağı ilə bağlı dünənki mövqeyini alqışlayır.

“Bu, Dövlət katibinin Prezidenti sövq etməyə çalışdığı bir şeydir və biz onun bununla razılaşdığını görməkdən məmnunuq. Yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla bu missiyanın necə görünəcəyini dəqiq müəyyən etmək üçün işləyəcəyik. Lakin bizim görmək istədiyimiz son nəticə tərəflərin danışıqlar masasına qayıdışıdır, orada onlar son nəticədə layiqli, davamlı sülhə nail ola bilərlər”, mətbuat katibi qeyd edib.

Miller Turanın müxbirinin sülh danışıqlarının vəziyyəti ilə bağlı sualına cavabda deyib ki, bu, aralarında ciddi fikir ayrılıqları olan iki tərəfdən asılıdır.

“Biz danışıqları davam etdiririk. Dövlət katibi Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri ilə birbaşa danışıqlar aparır. Bir sıra məmurlarımız bölgəyə səfər edib - təkcə ötən həftə və ya hərbi əməliyyatlar başlayandan bəri deyil, aylar və aylar əvvəl bu səfərlər edilir. Diplomatiyaya davam etmək üçün əlimizdən gələni etdik, amma sonda unutmayın ki, burada hər şey birbaşa fikir ayrılığı olan iki tərəfə bağlıdır. Biz onları irəli aparmaq üçün əlimizdən gələni edə bilərik, lakin sonda onlar danışmağa razı olmalı və nəticədə müəyyən qərara gəlməyə razılaşmalıdırlar. Biz bunu edəcəyik, bunu asanlaşdırmaq üçün öz rolumuzu oynamağa davam edəcəyik”, mətbuat katibi bildirib.

Hazırkı vəziyyətdə Rusiyanın regiondakı roluna toxunan mətbuat katibi deyib ki, “Rusiya ötən həftə məhsuldar rol oynamayıb”.

“Rusiyanın burada son bir həftədə məhsuldar rol oynadığını düşünmürəm. Biz onları vaxtaşırı görmüşük - elə vaxtlar olub ki, onlar danışıqlara kömək ediblər və bu, bizim alqışladığımız bir şey idi, lakin şübhəsiz ki, son bir həftədə onların rolu bu vəziyyətdə məhsuldar olmadı”, Miller qeyd edib.