Accessibility links

Yerevanda etiraz aksiyaları davam edir, 160-dan çox etirazçı həbs edilib


Yerevanda Dağlıq Qarabağ ermənilərinə dəstək məqsədilə keçirilən kütləvi etiraz aksiyaları bazar ertəsi səhər saatlarından başlayaraq davam edib.

TASS xəbər agentliyinin Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, sentyabrın 25-də yerli vaxtla saat 11:00-ə qədər Yerevanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 168 nəfərə çatıb. İki saat əvvəl rəsmilər 142 nəfərin həbs edildiyini bildirmişdi.

Sentyabrın 25-də səhər Yerevanda etirazçılar ümumi itaətsizlik aksiyası elan edib. Aksiya yerli vaxtla saat 8:00-da başlayıb.

"Biz şəhəri iflic edirik. Yaxın üç gündə bütün Ermənistan iflic vəziyyətinə düşəcək. Hakimiyyətin yeganə dayağı polisdir," Milli Komitənin üzvü Vazgen Manukyan deyib.

Həbs edilənlər arasında müxalifət liderlərindən biri, “Ana Ermənistan” blokunun nümayəndəsi Andranik Tevanyan da var. O, sentyabrın 22-də həbs edilib.

Eks-prezident Robert Köçəryanın oğlu Levon Köçəryan da həbs edilib. O, sentyabrın 22-də keçirilən aksiya zamanı 4 polis əməkdaşını döyməkdə ittiham olunur və ona qarşı cinayət işi açılıb. Köçəryanın vəkili Aleksandr Kobuçayev bildirib ki, müdafiə etdiyi şəxs həbs edilən zaman döyülüb. Köçəryanın özü hazırda qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə orta ağır vəziyyətdə xəstəxanadadır.

Ermənistanın paytaxtında aksiyalar Azərbaycanın şərtləri ilə tanınmamış Dağlıq Qarabağda atəşkəsə cavab olaraq başlayıb. Həmin şərtlərə əsasən ərazi Azərbaycanın tam nəzarətinə keçəcək, orada qalan erməni birləşmələri və hərbi qulluqçuları həmin ərazidən çıxarılacaq və yerli silahlı qüvvələr tərksilah ediləcək.

Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını və Qarabağdakı ermənilərə yardım edilməsini tələb edir. Baş naziri hakimiyyətdən uzaqlaşdırmaq üçün Milli Komitə yaradılıb və parlamentdəki müxalifət onun impiçment prosesinə başlayacağına söz verib.

Etirazçılar paytaxtda bir neçə mərkəzi küçəni bağlayıb, nəqliyyatın hərəkəti iflic olub.

Forum

XS
SM
MD
LG