Sentyabrın 18-də Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə humanitar yardım çatdırılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat üçün məlumatında deyilir ki, qərar vermə səlahiyyətli şəxslər arasında humanitar razılaşmanın əldə edilməsi üçün aparılan ardıcıl diplomatik səylərin nəticəsi olaraq bu gün, sentyabrın 18-də BQXK "Laçın dəhlizi" və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirir.
"Humanitar yardıma ehtiyacı olan şəxslərin yaxın günlərdə bu dəstəyi alacaqları bizi çox rahatladır", BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Arian Bauer bildirib.
"Səhiyyə qurumlarının tibbi ləvazimatlara ehtiyacı var. İnsanlar çörək ala bilmək üçün saatlarla növbəyə dururlar. Onların təcili olaraq mütəmadi humanitar yardımlar almağa ehtiyacı var. Bu razılaşma bizim komandalara həyat xilas edən işimizi davam etdirmək imkanı yaradıb", o qeyd edib.
Məlumatda bildirilir ki, BQXK son həftələr ərzində qərar vermə səlahiyyətli şəxslərlə əraziyə müxtəlif yollarla, o cümlədən "Laçın dəhlizi" və Ağdam yolu ilə yardımın çatdırılması istiqamətində danışıqlar aparmaqda idi. Bugünkü əməliyyatda eyni anda iki yük maşını "Laçın dəhlizi" və Ağdam yolu ilə yardımın çatdırılmasını həyata keçirib.
"Mən ümid edirəm ki, bu razılaşma bizim müstəsna humanitar əməliyyatlarımızın yalnız bu gün deyil, önümüzdəki həftələr ərzində də həyata keçirilməsinə şərait yaradacaq və beləcə ehtiyacı olanlara mütəmadi yardım çatdırılacaq", xanım Bauer qeyd edib.
"Neytrallıq, qərəzsizlik və müstəqillik kimi fundamental prinsiplərimizə uyğun olaraq bizim məqsədimiz ən çox yardıma ehtiyacı olanlara dəstək ola bilməkdi", o deyib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X (keçmiş Twitter) səhifəsində bildirib ki, sentyabrın 18-də Bakı vaxtı ilə səhər saat 7 radələrində Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan BQXK-nın yük avtomobillərinin eyni vaxtda keçidi təmin edilib.
"Ağdam-Əsgəran-Xankəndi yolu açıq və işləkdir və belə də olmalıdır! Bu Azərbaycanın prinsipial, ədalətli, qanuni, dönməz mövqeyidir!" o qeyd edib.
Hacıyev həmçinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, bəzi maraqlı dairələrin, lobbi qruplarının, KİV-lərin və siyasətçilərin “bölgədə blokada” ilə bağlı dedikləri humanitar mövzunu siyasiləşdirmək məqsədi güdüb.
"Maskalar cırılır, reallıq qalır! Azərbaycanda boz zonalara yer yoxdur!" Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayır. O qeyd edib ki, artıq Qarabağın erməni sakinlərinə yardımlar aparılır.
"Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. İndi bu məsələ tam qaydaya salınmalıdır. Həmçinin Avropa İttifaqının dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniəsilli əhalisi arasında danışıqlara başlamaq vacibdir", Şarl Mişel X (keçmiş Twitter) hesabında qeyd edib.
Bu arada Ermənistan İctimai Televiziyası bildirib ki, bir neçə gündən sonra Rusiyanın Rostov şəhərindən "Laçın dəhlizi" və Ağdam yolu ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə BQXK -nin avtomobilləri ilə növbəti humanitar yardım göndəriləcək.
BQXK Cənubi Qafqazda 1992-ci ildən etibarən fəaliyyət göstərir və hazırda Laçın yolu ilə əməliyyatlar həyata keçirən yeganə beynəlxalq təşkilatdır. Bununla yanaşı, son günlər Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaş Cəmiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yükləri Xankəndiyə çatdırlıb.
BQXK bildirir ki, 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayınadək BQXK 77 yük maşını yardımın, o cümlədən 900 metrik ton tibbi ləvazimatların Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə çatıdırılmasını həyata keçirib. Həmçinin, ehtiyacı olan şəxslərə 10 000 qida və gigiyena qutularını çatdırılıb. Tibbi xidmətlərə ehtiyacı olan 800-dən çox şəxs BQXK komandaları tərəfindən "Laçın dəhlizi" ilə təxliyə edilib.
Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra BQXK-ə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.
Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.
Sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də ilkin olaraq erməni sakinlər tərəfindən qəbul edilməyib. Yalnız sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətnin humanitar yük avtomobili ermənilər yaşayan Xankəndi şəhərinə buraxılıb.