Sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə Azərbaycan Baş prokuroru Kamran Əliyevin görüşündə prokurorluq orqanları arasındakı əməkdaşlıq, Azərbaycanın Tehrandakı səfirliyinə silahl basqının istintaqı və İranda həbsə olan Azərbaycan vətəndaşı Fərid Səfərli barəsindəki cinayət işi diqqət mərkəzində olub.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan və İran prokurorluqları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edən Baş prokuror Kamran Əliyev ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
“Kamran Əliyev Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin mühakimə edilməsi ilə bağlı İran prokurorluq orqanlarının açıqlamasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib”, məlumatda qeyd edilir.
Mətbuat xidməti bildirir ki, Mohammad Kazem Movahedi-Azadi hüquqi əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu, Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.
“Görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilərək bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb, eləcə də beynəlxalq platformalarda, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Həmçinin İranda məhkum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub”, məlumatda qeyd edilir.
İranın Baş prokuroru İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Bakıda keçirlən 4-cü iclasında iştirak etmək üçün səfər edib.
Tehranın baş prokuroru Əli Salehi sentyabrın 13-də İRNA agentliyinə bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə qarşı çıxarılan ittiham aktında hücum edən şəxsə ən ağır cəzanın verilməsi tələb olunub.
Əli Salehinin sözlərinə görə, bir nəfər bu il yanvarın sonlarında Azərbaycanın Tehrandakı səfirliyinə odlu silahla hücum edib, nəticədə səfirliyin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb, səfirliyin əmlakına ziyan vurub.
“Məhkəmə işi hərtərəfli araşdırıb və səfirlik daxilində Azərbaycan vətəndaşını odlu silahla qətlə yetirmək, icazəsiz silah və sursat almaq və saxlamaq, AK-47 avtomatı və tapança da daxil olmaqla, ictimai asayişin pozulması ittihamı irəli sürülüb”.
O əlavə edib ki, iş hələ də başqa ittihamlar, o cümlədən dağıntılara səbəb olmaq və səfirliyin üç əməkdaşına qəsdən xəsarət yetirmək üzrə əlavə araşdırma üçün açıqdır.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə gedib və orada həbs edilib.
Səfərliyə qarşı əvvəlcə “casusluq” ittihamı irəli sürülüb və sonra bu ittiham “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. İran məhkəməsi Fərid Səfərlini iki həbsə məhkum edib. Fərdi Səfərli ittihamı rədd edib və məhkəmənin ona hər hansı sübut olmadan həbs cəzası verdiyini bildirib. Səfərlinin Almaniyada yaşayan anası Dilarə Əsgərova oğlunun Tehrana tanışı olan qızla görüşmək məqsədi ilə getdiyini bildirib.