Sentyabrın 7-də ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefonda danışıb. Söhbətin başlıca mövzusu Qarabağdakı mövcud durum və Ermənistan-Azərbaycan münasibətlərindəki gərginlik olub.
Ermənistan xarici işlər nazirliyinin yaydığı məlumata əsasən, Mirzoyan Kimlə söhbətdə Azərbaycanın Laçın yolunu bağladığını və bununla da Qarabağ ermənilərini blokadada saxladığını deyib. Azərbaycan naziri Bayramov isə bu ittihamı rədd edərək Yerevanın ölkəsinin daxili işlərinə qarışdığını bildirib.
"Bölgədə guya 'çətin humanitar vəziyyət' və 'blokada'nın mövcudluğu ilə bağlı əsassız iddialar bəhanəsi ilə ölkəmizin daxili işlərinə, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası səylərinə müdaxilələrin qəbuledilməz olduğu diqqətə çatdırılıb,” Azərbacyan XİN-in yaydığı məlumatda qeyd edilir.
Ermənistan XİN Mirzoyanın bölgəyə sərbəst gediş-gəlişin bərpa olunmasına çağırışı səsləndirdiyini xəbər verib.
"Nazir Mirzoyan Azərbaycanın bu müddət ərzində destruktiv davranışına, Dağlıq Qarabağda etnik təmizləmə aparmasına, öz öhdəliklərinə və beynəlxalq ictimaiyyətin aydın çağırışlarına hörmət etməməsinə toxunub," Yerevanın məlumatında bildirilir.
Öz növbəsində Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə erməni sakinlərə yüklərin daşınması, buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi barədə əldə edilmiş razılıqların Ermənistan və Qarabağda yaşayan erməni icmasının rəhbərləri tərəfindən pozulduğunu bildirib.
“Ermənistan tərəfinin sülh prosesini təhdid altında qoyan bəyanat və addımlarına baxmayaraq, normallaşma gündəliyinin irəli aparılmasında qərarlı olduğumuz, lakin bu mövqeyimizə sadiqliyimizin, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn hər hansı təhdidin qarşısını almaq hüququmuza xələl gətirmədiyi diqqətə çatdırılıb,” Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir.
Sentyabrın 1-də ABŞ Dövlət Katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığı zamanı sülh prosesi və humanitar durum müzakirə edilib.
Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.
Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Bundan sonra Azərbaycan Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək, Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.
BQXK avqustun 18-i məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.
Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə apardığı 40 ton un məmulatlarından ibarət humanitar yardım Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib.