Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası Azərbaycan-Ermənistan sərhədində patrul fəaliyyətini artırıb.
Bu barədə Avropa İttifaqının (Aİ) Monitorinq Missiyası X (keçmiş Twitter) hesabında məlumat yayıb.
Məlumata görə, Aİ Monitorinq Missiyası hərbi vəziyyəti və hər hansı dəyişikliyi müşahidə etmək üçün Ermənistanın Qeqarkunik (Göyçə-red) və Sünik (Zəngəzur-red) vilayətlərinin Azərbaycanla sərhəd ərazilərində patrul fəaliyyətini artırıb.
"Biz regionda mövcudluğumuz vasitəsilə gərginliyin aradan qaldırılmasına və vəziyyətlə bağlı Aİ-ni qərəzsiz hesabatına töhfə verməyi hədəfləyirik", Monitorinq Missiyası qeyd edib.
Avropa İttifaqı Şurası yanvarın 23-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki ildir.
Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, "ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası" adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilə bilməz.
Bundan öncə, 2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.