Accessibility links

Kanada Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına qoşulacaq


Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Kanadanın Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına töhfə vermək təklifini təsdiqləyib.

Bu barədə Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarında bildirilir.

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Kanadanın töhfəsini əhəmiyyətli hesab edir.

“Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır”, qərarda deyilir.

Məlumatda deyilir ki, qərar qəbul olunduğu gündən qüvvəyə minir.

Avropa İttifaqı Şurası yanvarın 23-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki il olacaq.

Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

“Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya, həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”, məlumatda qeyd edilir.

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyanın yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir.

“Aİ gərginliyin azaldılması səylərini dəstəkləməkdə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq qalır”, o deyib.

“Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti (CPCC) departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən Missiya Rəhbəri təyin ediləcək”, məlumatda qeyd edilib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bununla bağlı Twitter-də paylaşımda missiyaya dəstəyini bildirib.

“Biz Aİ-nın Ermənistana tamhüquqlu mülki missiya göndərmək qərarını çox alqışlayırıq. Biz missiya ilə asanlıqla əməkdaşlıq edəcəyik və onun fəaliyyətinə dəstək verəcəyik. Bu missiya regionun sülh, sabitlik və təhlükəsizliyinə töhfə verəcək”, o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, “ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilə bilməz.

“Ermənistanın irəli sürdüyü bu birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil və belə bir səfərin istənilən nəticəsi müvafiq olaraq qiymətləndiriləcək. 30 ilə yaxın bir müddətdə Azərbaycana qarşı hərbi təcavüzün dayandırılması və onun ağır nəticələrinin aradan qaldırılması istiqamətində səylərin, eləcə də hətta keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə aid olmayan məsələlər ilə bağlı missiyaların ATƏT tərəfindən bir qayda olaraq konsensusa istinadla qarşısının alınması kontekstində bu addım ciddi sual doğurur. Fakt budur ki, ATƏT-in 2005 və 2010-cu illərdə Azərbaycanın o zaman işğal altında olan ərazilərinə iki missiyasının Ermənistanın aşkar qeyri-konstruktiv mövqeyinə görə ATƏT çərçivəsində konsensusla razılaşdırılması illər çəkmişdi. Azərbaycanın işğal olunmuş ərazilərində saysız-hesabsız qeyri-qanuni fəaliyyət, o cümlədən bu ərazilərdə qanunsuz məskunlaşma faktları nəzərə alınaraq, 2020-ci ilə qədər Azərbaycanın növbəti belə missiyası ilə bağlı müraciəti yenə də Ermənistanın müqaviməti nəticəsində baş tutmayıb. ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti, digər məsələlərlə yanaşı, tərəflərin razılığını, vasitəçilərin qərəzsizliyini və dövlətlərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə riayət olunmasını tələb edən hər hansı məsuliyyətli və etibarlı vasitəçiliyin və etimad quruculuğunun əsas prinsiplərinə ziddir”, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.

Bundan öncə, 2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.

XS
SM
MD
LG