Accessibility links

ATƏT sərhəddə təhlükəsizliyi qiymətləndirmək üçün Ermənistana missiya göndərir


Ermənistan hökumətinin dəvəti ilə ATƏT 21-27 oktyabr tarixlərində bu ölkəyə tələbatın qiymətləndirilməsi üzrə qrup göndərəcək.

Bu barədə ATƏT-in rəsmi məlumatında deyilir.

Məlumata görə, səfərin məqsədi ATƏT-in mandatı və təcrübəsi əsasında bir sıra sərhəd rayonlarında təhlükəsizliklə bağlı vəziyyəti qiymətləndirməkdir.

Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca rayonlara səfər edəcək, müvafiq dövlət və yerli maraqlı tərəflərlə, həmçinin yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparacaq.

Azərbaycan Xarici İşlər Nazirliyi də "ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası"nın Ermənistana göndərilməsi məsələsinə münasibət bildirib.

"ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası" adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilməyəcək", deyə məlumatda qeyd edilib.

Nazirlik ATƏT-in bu hərəkətini birtərəfli kimi qiymətləndirib.

"ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti, digər məsələlərlə yanaşı, tərəflərin razılığını, vasitəçilərin qərəzsizliyini və dövlətlərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə riayət olunmasını tələb edən hər hansı məsuliyyətli və etibarlı vasitəçiliyin və etimad quruculuğunun əsas prinsiplərinə ziddir", XİN-dən bildirilib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir müddət əvvəl bildirib ki, Ermənistan Azərbaycanla sərhədə müşahidəçilər göndərmək üçün ATƏT-ə müraciət edib.

Xatırlatma

Öz növbəsində Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib.

Bu qərar oktyabrın 6-da prezident Əliyev, baş nazir Paşinyan, prezident Makron və prezident Mişel arasında dördtərəfli görüşdən sonra qəbul edilib.

"Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir" , məlumatda deyilir.

Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox sürməyəcək, sənəddə deyilir.

XS
SM
MD
LG