Accessibility links

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində monitorinq üçün 40 müşahidəçi göndərəcək


Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə oktyabrın 17-də Avropa İttifaqı Şurasının məlumatında deyilir.

Bu qərar oktyabrın 6-da prezident Əliyev, baş nazir Paşinyan, prezident Makron və prezident Mişel arasında dördtərəfli görüşdən sonra qəbul edilib.

Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir, məlumatda deyilir.

“Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinə 40-dək Avropa İttifaqı müşahidəçisinin göndərilməsi etimadın möhkəmləndirilməsinə, həyatı təhdid edən və münaqişənin həlli prosesini təhlükə altına alan vəziyyətin sabitləşməsinə yönəlib. Bu, Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına tam sadiqliyinə bir daha sübutdur”, - xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel bildirib.

Avropa İttifaqı müşahidəçilərinin çevik yerləşdirilməsini təmin etmək üçün onların müvəqqəti olaraq Avropa İttifaqının Gürcüstandakı müşahidəçilər missiyasının tərkibindən göndərilməsi qərara alınıb,

Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox sürməyəcək, sənəddə deyilir.

XS
SM
MD
LG