Azərbaycan və Ermənistanın delimitasiya edilməmiş şərti sərhəddinin Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Vardenis rayonunun Zod kəndi istiqamətində silahlı qarşıdurma qeydə alınıb. Ölən və yaralananlar var. Bu barədə hər iki ölkənin müdafiə nazirlikləri məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, sentyabrın 1-də Ermənistan Silahlı Qüvvələrinin Zod kəndi istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib və artilleriya atəşinə məruz qoyub. Nəticədə 3 hərbi qulluqçu yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, hazırda qeyd olunan istiqamətdə qətiyyətli cavab tədbirləri görülür.
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın kəndi ərazisində yerləşən hərbi mövqelərinin Azərbaycan tərəfdən atəşə tutulması nəticəsində dörd hərbçi həlak olub, daha biri yaralanıb.
Son günlər iki ölkənin delimitasiya edilməmiş şərti sərhədi boyunca və Qarabağın ermənilər yaşayan hissəsi ətrafında gərgin vəziyyət davam edir.
Bölgədə yaranmış durum, ələlxüsus Laçın yolu ətrafındakı vəziyyətlə bağlı Azərbaycan Ermənistan rəsmiləri bir-birlərinin ünvanına tənqidlər səsləndiriblər.