“Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov barəsində avqustun 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilıb.
Bu barədə Amerikanın Səsinə “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli bildirib.
Onun sözlərinə görə, İsrafilov Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.
“Bu ittiham tam siyasidir. Hakimiyyət son siyasi həbslərlə “Demokratiya 1918” Hərəkatının və İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının strukturunu məhv etmək istəyir. Narkotiklə ittiham olunan Ayxan hətta siqaret belə çəkməyib. Ona qarşı irəli sürülən ittiham yalnız gülüş doğurur”, o qeyd edib.
Məmmədli məhkəmənin Ayxan İsrafolov barəsində həbs-qətmkan tədbiri qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
Rəsmi qurumlar İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının fəallarının həbsini və saxlanılmasını təsdiq etsə də, təşkilatın siyasi bəyanatlarına hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq tənqidləri qəbul etmir, insanların qanun qarşısında bərabər olduğunu, belə bəyanatların özünümüdafiə xarakteri daşıdığını bildirir.
Xatırladaq ki, Ayxan İsrafilovun həbsi İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının fəallarının kuryerlərin hüquqlarının müdafiəsi ilə bağlı keçirdiyi etiraz aksiyasından sonraya təsadüf edir. Bundan öncə İşçi Masası Həmkərlar İttifaqları Konfederasiyasının daha bir fəalı həbs edilib.
Belə ki, avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin onlar üçün yaratdığı problemlərlə bağlı bəyanat yayıb. Qanuna edilmiş yeni dəyişikliyə görə mopedləri idarə etmək üçün sürücülük vəsiqəsi olmalı, nömrə nişanları almalı və satış zamanı vergiyə cəlb edilməlidir.
Avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib.
Son həbslərlə bağlı İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının bəyanatında deyilir ki, həbs dalğası davam edir və bu həbslər İşçi Masasının ən böyük kadr bazası olan kuryerlərin təşkilatlanmasına böyük zərbə vura bilər.
“Əziz işçilər və əməkçilər, ölkədə ilk dəfə müstəqil bir təşəbbüs kimi sizin, bizim, hamımızın hüquqları uğrunda mübarizə aparan bir qurum var və hazırda hakimiyyətin siyasi məngənəsində sıxılır. Sizləri İşçi Masasına qoşulmağa və sıralarımızı daha möhkəm saxlamağa dəvət edirik. Yalnız birgə fəaliyyətimiz bizi ayaqda saxlaya bilər”, sənəddə qeyd edilir.