Fərid Səfərlinin anası oğluna İranda casusluq ittihamı ilə bağlı heç bir sübut olmadığını deyir

Fərid Səfəeli (Fotonu Fərid Səfərlinin ailəsi təqdim edib)

“Oğlum Fərid İranın Qum şəhərində həbsxanada saxlanılır. O həbsdə olduğu zaman vəziyyəti ağırlaşıb, xəstəxanaya götürüblər, kor bağarsağından əməliyyat olunub. İndi səhhəti yaxşıdır. Amma, oğlum çox gərgindir. Ona psixoloji təzyiqlər olduğundan çox narahatdır. Yəni günləri çox narahat keçir”.

İranda həbsdə olan Fərid Səfərlinin anası Dilarə Əsgərova bu barədə oğlu ilə telefon danışığından sonra Amerikanın Səsinə deyib.

Əsgərova artıq oğluna vəkil tutub, vəkil Fəridlə və hakimlə görüşə bilib.

“Vəkilin dediyinə görə, Fəridə verilmiş casusluq niyyəti ittihamı ilə bağlı heç bir sübut yoxdur. Vəkil Fəridin tanışı olan qızın ifadəsini də oxuyub. Qız Fəridin əleyhinə ifadə verməyib. Əksinə yaxşı rəy yazıb. Heç bir sübut yoxdur. Amma hakim deyib ki, o öz rəyini də nəzərə alıb Fəridə iş verə bilər. Mütləq deyil ki, sübut olsun. Fəridin İrana gəlməkdə məqsədi casusluq niyyəti olub. Amma, həyata keçirə bilməyib”, Əsgərova vəkilə istinadən deyib.

Your browser doesn’t support HTML5

Ana: Oğluma İranda verilmiş casusluq niyyəti ittihamı ilə bağlı heç bir sübut yoxdur

Ana yenə vəkilin dediklərinə əsaslanaraq bildirib ki, son məhkəmə olmayacaq.

“Yaxın günlərdə Fəridə iş verilməsi və ya bəraət alması barədə məktub göndəriləcək. Vəkil Fəridə bəraət veriləcəyinə inanmır. Çox yəqin ki, Fəridə iş verəcəklər. Amma, rəsmi məktub Fəridə təqdim edildikdən sonra son qərar məlum olacaq. Əgər həbs versələr vəkil apellyasiya şikayəti verəcək”, o qeyd edib.

“Azərbaycan hökumətinə səslənirəm ki, Fəridi tək qoymasınlar, onun yanında olsunlar, hökmdən asılı olaraq Fəridin azad olunması ilə bağlı diplomatik danışıqlar aparsınlar”, Əsgərova Amerikanın Səsinə deyib.

Rəsmi məlumata görə Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

“Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib”, o qeyd edib.

Fərid Səfərlinin iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Avqustun 2-də Azərbaycan Xarici İşlər Nazirliyi ndən Amerikanın Səsininə bildirblər ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Fərid Səfərlinin valideyninin oğlunu ziyarət etməsi üçün hal-hazırda iş aparılır.

“Məsələ ilə bağlı, İran tərəfinə dəfələrlə rəsmi müraciətlər ünvanlanıb və mütəmadi əsasda müzakirələr aparılıb. Fərid Səfərlinin ailəsi və özü ilə əlaqə saxlanılıb. Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşlər keçirilib, demək olar gündəlik əsasda onunla telefon vasitəsilə əlaqə saxlanılıb. Fərid Səfərlinin valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb”, Hacızadə qeyd edib.