"Anglo Asian Mining" şirkəti Söyüdlü ilə bağlı açıqlama verib

Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl (Mənbə:VOA)

Azərbaycanda qızıl, mis və gümüş hasilatı üzrə ixtisaslaşan "Anglo Asian Mining" şirkəti iyulun 17-də Gədəbəy rayonunun Söyüdlü kəndində ikinci tullantı anbarının tikintisi ilə bağlı planları haqqında yeni məlumat dərc edib.

İyulun 14-də Azərbaycanın Baş naziri Əli Əsədovun qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hökumət beynəlxalq konsaltinq şirkətinin "Anglo Asian Mining"in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqini aparacağını bildirib.

“Anglo Asian Mining" şirkətinin məlumatında deyilir ki, şirkətin ikinci tullantı bəndinin tikintisi üçün üstünlük verdiyi sahə onun mövcud bəndinə yaxındır və Azərbaycan Hökumətindən lazımi torpaq sahəsi ayrılıb.

“Lakin yeni bəndin harada olması son vaxtlar etirazlara səbəb olub. Etirazlar başlanandan bəri müxtəlif hökumət qurumları müstəqil laboratoriyaların köməyi ilə mövcud tullantı bəndinin ətrafındakı ərazidən ətraf mühit nümunələri götürüb, ətraf mühitin çirklənməsi və ya əhali arasında daha yüksək xəstəlik halları müəyyən edilməyib,” şirkət qeyd edir.

“Anglo Asian” bildirir ki, Gədəbəydə 2009-cu ildən fəaliyyət göstərir, uzunmüddətli və güclü icma əlaqələri, xüsusən də tarixən aşağı məşğulluq səviyyəsi ilə yoxsul olan yerli əraziyə əhəmiyyətli sosial və iqtisadi töhfəsi ilə fəxr edir.

“Müvafiq olaraq, ikinci tullantı bəndinin yeri ilə bağlı qəfil iğtişaşlar gözlənilməz oldu. Buna baxmayaraq, şirkət hökumətlə əməkdaşlıq edərək ikinci tullantı bəndinin texniki və ekoloji aspektlərinin, o cümlədən təklif olunan yerin və digər əlaqəli məsələlərin (Ətraf Mühitin Tədqiqi) yenidən qiymətləndirilməsinə razılıq verib. Ətraf Mühitin Tədqiqatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan müstəqil beynəlxalq məsləhətçi tərəfindən aparılacaq. Şirkətin yerli ətraf mühit mühəndisləri CQA International (dünyada tullantıların idarə edilməsi və dağ-mədənlə bağlı layihələrdə ixtisaslaşmış müstəqil geotexniki və ekoloji məsləhətçi-red) və onun tullantıların idarə olunması üzrə müstəqil məsləhətçiləri Knight Piesold prosesdə köməklik göstərəcəklər. Şirkət hazırda hökumətlə Ətraf Mühitin Tədqiqatının necə aparılacağına dair protokolu razılaşdırır və onu yaxın günlərdə yekunlaşdıracağını gözləyir. Ətraf Mühitin Tədqiqi yekunlaşarkən və hər hansı müəyyən edilmiş bərpa işləri tamamlanarkən, şirkət Gədəbəy əməliyyatının mövcud tullantı bəndinə axıdılması ilə nəticələnən hissələrini ixtisar etməyi gözləyir (əsasən, flotasiya və qarışdırma ilə yuyulma qurğularının istismarı). Protokolun təfərrüatları yekunlaşdırıldıqdan sonra dərc olunacaq və şirkət istehsal təlimatına müvafiq olaraq yenidən baxacaq”.

Şirkət bütün işlərinin müvafiq yerli qanun və qaydalara tam uyğunluğuna tam əmindir.

“İşçi qüvvəsinin və yerli maraqlı tərəflərin sağlamlığı, təhlükəsizliyi və rifahı şirkət üçün mühüm əhəmiyyət kəsb edir və onun əməliyyatlarının idarə edilməsinin əsasını təşkil edir. O, həmçinin ən yaxşı qlobal təcrübəyə riayət edir və bütün beynəlxalq standartları və təlimatları dəstəkləyir. Onun tullantı bəndləri ən yaxşı təcrübənin sənaye meyarları olan ICMM standartlarına (dağ-mədən və metal sənayesinin inkişaf edən ictimai gözləntilərə cavab verməsi-red) uyğun tikilir və idarə olunur. Şirkət həmçinin hazırkı bəndin divarının ucaldıla biləcəyinə dair texniki təminat almışdır ki, bu da hökumətin adi təsdiqləmələr və Ətraf Mühitin Tədqiqatının başa çatması şərti ilə razı olduğudur. Buna görə də şirkət ikinci tullantı bəndinin tikintisi zamanı kifayət qədər tullantı tutumuna malik olduğuna əmindir. Şirkət müvafiq olaraq ikinci tullantı bəndinin yerinin və digər texniki aspektlərinin yenidən qiymətləndirilməsi ilə bağlı irəliləyişlər və gələcək inkişaflar haqqında yenilikləri təqdim edəcək”, məlumatda qeyd edilir.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin WhatsApp şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də, sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Prezident İlham Əliyev iyulun 11-də hökumətin iclasında deyib ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.

“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.

Dövlət başçısı hesab edir ki, bu hadisənin təbii səbəbi də var.

“O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır."

Prezident prokurorluq və digər aidiyyəti qurumlara göstərişlərin verildiyini bildirib. O həmçinin deyib ki, xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər.

“Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illər burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa - bütün bunlara hörmət edilməlidir."

Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Hökumət Komissiyasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 12-də keçirdiyi brifinqdə deyib ki, Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq olub.

"İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir".

Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olunub.

"Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Söyüdlü kəndində sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmadığı müəyyən edilib", o qeyd edib.

Onun sözlərinə görə, Söyüdlü kəndində xəstələnmə səviyyəsi ümumi rayon üzrə orta statistik göstəricilərdən aşağıdır.

“Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib", o əlavə edib.

Komissiya sədri bildirib ki, 86 nöqtədə radiasiya fonu, zərərli qaz və digər əksər parametrlər üzrə göstəricilər normalar daxilində olub.

“Gədəbəyin Söyüdlü kəndində süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. Mövcud tullantı anbarının istismarı 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib. Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək”, nazir qeyd edib.

İyulun 13-də Hökumət Komissiyasının ikinci iclasında Baş nazir Əli Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Anglo Asian Mining" şirkətinin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb.

“Nazirlik öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirməyib. Baş nazir icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonası müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarların çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması, digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib”, Nazirlər Kabinetinin məlumatında deyilir.

Bununla yanaşı iyulun 6-da İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının müraciətində Söyüdlü kəndi ərazisində qurulan gölməçəyə tökülən qızıl haslatında sianid turşusundan istfadə prosesi əks olunub.

"Nəzərə alınsa ki, sianid buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksək olduğundan turşunun buxarı ilə nəfəs aldıqda və ya o, dərinin zədələnmiş hissəsinə düşdükdə qısa zaman çərçivəsində insanı öldürə bilir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və zəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa, insan həyatı üçün öldürücü təsirə malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, onun mövcud olduğu hava ilə nəfəs alan şəxs zəhərlənir və sonradan təcili tədbir görülməsə həyatını itirə bilər. Komissiyanın ilkin rəyində istifadə olunan sianidin (NaCN) hidrogen peroksid (H2O2) vasitəsilə zərərsizləşdirilməsi qeyd olunur ki, bu dünyada tətbiq olunan metoddur. Lakin bu proses qapalı çənlərdə və 3 ay müddətində həyata keçirildiyindən ilkin rəylə bağlı müəyyən suallar doğurur. Çünki süni göldə olan və həcmi bilinməyən sianid qarışıq maye məhlulun peroksidlə zərərsizləşdirilməsi praktiki mümkün deyil", müraciətdə qeyd edilir.

"Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyası Söyüdlü kəndi ərazisində yerləşən qızıl mədəni tullantıxanası ətrafında yaranmış vəziyyəti, xüsusilə, hasilat prosesinin sosial və ekoloji təsirləri ilə bağlı vəziyyəti müzakirə etmək məqsədilə hökumət komissiyanın sədri ilə görüş üçün vaxt ayırmasını xahiş edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining"​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.