İsrail müdafiə nazirinin Azərbaycana səfəri əməkdaşlığı genişləndirməyə yönəlib

Zakir Həsənov və Yoav Qallant (Mənbə: Müdafiə Nazirliyi).

İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant Azərbaycanda rəsmi səfərdədir. O, iyulun 13-də Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşüb.

Görüşlərdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, Prezident İlham Əliyevlə görüşdə ikitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib.

İlham Əliyev və Yoav Qallant (Mənbə: Prezident Administrasiyası).

Məlumatda deyilir ki, görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant müdafiə naziri Zakir Həsənovla görüşdən öncə Şəhidlər xiyabanında ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş insanların, həmçinin Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun məzarlarını ziyarət edib.

Nazir Zakir Həsənov bildirib ki, Azərbaycan-İsrail arasında tərəfdaşlığın yüksək səviyyədə olması təkcə dövlətinin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Nazir Yoav Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.

“Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb”, Müdafiə Nazirliyi qeyd edib.

Yoav Qallant Azərbaycan Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun məzarlarını ziyarət edir (Mənbə: Müdafiə Nazirliyi).

Azərbaycanın İsrail ilə hərbi-texnili əməkdaşlığı çərçivəsində alınan hərbi texnikaların, silah və sursatların rəsmi statistikası aparılmır. Bununla yanaşı, Prezident İlham Əliyev hələ 2016-cı ilin sentyabrında İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşüdndə bildirib ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir.

“Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”, o qeyd edib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Sipri) məlumatına görə, 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi İsrailin payına düşüb. Eyni dövrdə İsrailin əsas silah ixracatının 17 faizi Azərbaycana göndərilib.

Asim Mollazadə

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Amerikanın Səsinə deyib ki, iki dövlət arasında əməkdaşlıq çox sürətlə inkişaf edir.

“Azərbaycan xalqı İsrailn Qarabağ müharibəsi zamanı verdiyi dəstəyi unutmur və çox yüksək qiymətləndirir. Mən əminəm ki, Azərbaycan Silahl Qüvvələrindəki islahatlarda Türkiyə ilə yanaşı İsrail də öz dəstəyini davam etdirəcək. Bizim İsraillə əməkdaşlığımız yeni texnologiyalar, hərbi sənaye, informasiya texnologiyaları sahəsində sürətlə inkişaf edəcək. Bunlar Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün çox ciddi addımlardır”.

Your browser doesn’t support HTML5

Asim Mollazadə: Azərbaycan-İsrail əməkdaşlığı üçüncü qüvvələrə qarşı yönəlməyib

Deputat hesab edir ki, Azərbaycan Ordusunun yeni silahlar və texnologiyalarla təchizatı sahəsində İsraillə əlaqələr daha da irəliyə gedəcək.

“İsraillə yanaşı Türkiyə də Azərbaycanda həm hərbi sənaye kompleksinin inkişafında, həm də Azərbaycanın Silahlı Qüvvələrinin ən müasir silahlarla təmin edilməyində çox ciddi işlər aparır. Bu gün Azərbaycan-İsrail əməkdaşlığı imkan verir ki, Azərbaycan bölgədə şər qüvvələri, terror qüvvələrini zərərsizləşdirsin”.

Mollazadə deyib ki, Azərbaycan-İsrail əlaqələri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

“Azərbaycan-İsrail əməkdaşlığı hansısa üçüncü qüvvələrə qarşı deyil. Biz münasibətlərimizi beynəlxalq hüquq normalarına uyğun qururuq və beynəlxalq sabitliyi qoruyuruq”, o qeyd edib.