Bakı şəhərində xarici ölkə səfirliklərindən birində terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşının saxlanıldığı bildirilir.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir ki, Əfqanıstan vətəndaşı Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.
“Favzan Musa Xan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşmişdir”, məlumatda qeyd edilir.
Faktla bağlı Favzan Musa Xan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində Dövlət Təhlükəsizlyi Xidməti tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.
Dövlət Təhlükəsizliyi Xidməti Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı telefon danışıqlarının əks olunduğu video da yayıb. Müşahidəçilər videoda əks olunan hoteldə İsrail və Yaponiya səfirliklərinin yerləşdiyini güman edir.
Bununla yanaşı, Əfqanıstanın rəsmi orqanları, həmçinin Favzan Musa Xanın yaxınları və vəkili ittihamla bağlı hələ açıqlama verməyib.
Keçmiş Miilli Təhlükəsizlik Nazirliyinin istefada olan zabiti, politoloq Ərəstun Oruclu Amerikanın Səsinə deyib ki, bir ölkənin vətəndaşının digər ölkəyə qarşı üçüncü ölkənin xüsusi xidmət orqanları və yaxud üçüncü ölkənin ərazisində yerləşən terrorçu təşkilatlar tərəfindən istifadə olunması adi praktikadır.
“Məsələn, biz bilirik ki, Azərbaycan vətəndaşı olan və o cümlədən də azərbaycanlı Rusiya vətəndaşı olan şəxslər Kiprdə saxlanılıb. Bunlar İsrail vətəndaşlarına qarşı terror aktı hazırlamaqda ittiham olunurlar. Belə hadisələr çox olur. Əksər hallarda insanın hansısa vətəndaşlığının, hansısa ölkəyə mənsubiyyətinin belə bir önəmi yoxdur. Bir çox hallarda iz azdırmaq, təşkilatçıya gedib çıxmaq kimi imkanı məhdudlaşdırmaq üçün təhqiqat zamanı üçüncü ölkə vətəndaşlarından istifadə olunub. Yəni tutalım həmin əfqan vətəndaşından söhbət gedirsə o həqiqətən də Azərbaycanda terror aktı keçirməyə hazırlaşırmış və ya həqiqətən hansısa üçüncü bir ölkənin səfirliynə qarşı bu addımı atmağa hazırlaşırmışsa burada qeyri adi bir şey yoxdur. Ola bilər. Amma bunun motivini, səbəbini, təşkilatçısını tapmaq üçün şübhəsiz ki, istintaq və təhqiqat aparılmalıdır. Yəni Azərbaycanda ictimai siyasi sabitliyi pozmaqda kim maraqlı ola bilər? Hansı ölkə maraqlı ola bilər? Hansı təşkilat maraqlı ola bilər? Bu baxımdan təhqiqatın aparılması, onun dürüst aparılması, cinayətin səbəblərini, motivlərini araşdırıb üzə çıxarılması son dərəcə vacibdir. Bir daha deyirəm əgər məlumat dürüstdürsə”, o qeyd edib.
Təhlilçi deyir ki, Azərbaycanın dövlət orqanları bəzən o qədər ilkin mərhələdə məlumatlar yayırlar ki, sonra bu məlumatlar öz təsdiqini tapmır.
“Və yaxud onların sonrakı araşdırması, təhqiqatı haqqında cəmiyyətə məlumat verilmir ki, fikir söyləməyin özü belə çətinləşir. Qaldı belə məsələlərin mümükünlüyünə əlbəttə ki, mümkündür. Biz indi geosiyasi proseslərin tam qaynar nöqtəsinə gəlib çıxmışıq. Bölgədə maraqları olan dövlətlər, təşkilatlar, fərqli-fərqli qurumlar əlbəttə ki, bütün vasitələrə əl atacaqlar. Burada siyasi təzyiq vasitəsi ola bilər. Burada təzyiq vasitəsi kimi iqtisadi faktorlardan istifadə oluna bilər. Çox universal alət olan terror amilindən də istifadə oluna bilər. Yəni heç kəs bunu istisna etmir. Mən dəfələrlə çıxışımda demişəm ki, Azərbayana qarşı ən müxtəlif təxribatlar mümkündür. Bunlara hazır olmaq lazımdır. Onların qarşısını almaq üçün müvafiq profilaktik tədbirlər həyata keçirilməlidir. Bu təhlükə var”.
O hesab edir ki, indi geosiyasi proseslərin kulminasiya nöqtəsinə çatdığı bir dönəmdə belə risklər durmadan artacaq.
“Amma əsas məsələ real təhlükə hallarını araşdırıb üzə çıxarmaq və real şəxsləri, real cinayətin arxasında duranı, yaxud planlaşdırılan terror aktının arxasında duran qurumları, dövlətləri aşkarlayıb üzə çıxarmaq və onların qarşısına faktı qoymaqdır. Əsas məsələ budur. Mən ümid edirəm ki, bu məlumat hansısa bir daxili auditoriyaya hesablanmış, hansısa bir siyasi konyuktura yükü daşıyan məlumat deyil. Yəni mənim onu nə şübhə altına almağa əsasım yoxdur, nə də onu təsdiqləməyə əsasım yoxdur. Çünki söhbət bir nəfərin saxlanılmasıdan gedir. Amma orada söhbət qrup halında cinayət və terror aktının planlaşdırılmasından gedirdi. Terror aktı isə birmənalı şəkildə cəmiyyətdə və ölkədə xof yaratmaq, vahimə yaratmaq və ictimai-siyasi vəziyyətə təsir etmək məqsədi güdür. Terrorun hədəfi budur. Şübhəsiz biz bu şeylərə hazır olmalıyıq. Bu istiqamətdə dövlət və hakimiyyət orqanlarının fəaliyyəti gücləndirilməlidir. Amma eyni zamanda hansısa terror aktının və yaxud başqa məsələlərdən daxili siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Çox təəssüf ki, belə hadisələr olub. Məhz belə hadislərin olması səbəbindən də, bu məsələlərlə siyasi spekuliyasiya aparılmamalıdır. Təhlükə isə həmişə var. Heç bir ölkə, hətta terrora qarşı mübarizədə zəngin təcrübəsi olan ölkələr belə terror aktlarından sığırtalanmayıb,” Oruclu Amerikanın Səsinə deyib.