Accessibility links

Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs edilib


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX)-rəsmi foto)
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX)-rəsmi foto)

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumatına görə, Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs edilib.

Rəsmi məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə 13 Azərbaycan vətəndaşının xaricdə gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım çərçivəsində saxlanılaraq ölkələyə gətirilib. Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə məsuliyyətə cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.

DTX-nın açıqlamasında gedən 13 Azərbaycan vətəndaşların yaxınlarının və vəkillərinin bu ittihamlara münasibətini hələlik öyrənmək mümkün olmayıb.

Suriyada 2011-ci ildən vətəndaş müharibəsi gedir.

ABŞ Dövlət Departamentinin 2020-ci ildə terrorizmlə bağlı hesabatında deyilir ki, Azərbaycan hökuməti insanları, pulları və materialları quru və dəniz sərhədləri boyunca və Cənubi Qafqaz daxilində daşımaq üçün terrorçuların səylərinin qarşısını almaq, aşkar etmək və məğlub etmək üçün fəal işləyib.

"Terrorla mübarizəyə görə məsuliyyət bir neçə dövlət qurumunun üzərinə düşür. Azərbaycanın əsas hüquq-mühafizə orqanı olan Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanın daxili kəşfiyyat və terrorizmə qarşı mübarizə xidmətlərini həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə sıx əməkdaşlıq edir. Bu qurumlar terrorçu qrupların cinayət əməllərinin aşkarlanması və qarşısının alınması, beynəlxalq terrorizm və transmilli cinayətlərlə mübarizə üçün məsuliyyət daşıyır", Dövlət Departamentinin hesabatında qeyd edilir.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

XS
SM
MD
LG