Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gediblər. Diplomatları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev müşayiət edir.
Səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edir.
Laçın səfəri çərçivəsində xarici diplomatlar iyunun 24-də Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə baş çəkiblər.
“Bildirilib ki, silahlı təxribata qədər Xankəndidə yaşayan erməni əsilli sakinlər sərhəd keçid məntəqəsindən heç bir maneə olmadan istifadə ediblər. Hazırda da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidlərə şərait yaradılır. Başqa sözlə, bəzi dairələrin iddia etdiyi kimi, yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə əlaqədar müvəqqəti istintaq tədbirləri həyata keçirilir”, AZƏRTAC agentliyin məlumatında deyilir.
Xatırladaq ki, sosial şəbəklərdə iyunun 23-də Ermənistandan ermənilərin yaşadığı Xankəndi şəhərinə gedən avtomobil yolunun Azərbaycan tərəfindən tam bağlandığı, yola beton bloklar düzüldüyü əks olunan video yayılıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib ki, Laçın yolundakı böhran süni yaradılıb və bu vəziyyətdən çıxış yolları mövcuddur.
“Bunun üçün ilk növbədə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalı və bu, qarşılıqlı öhdəlik sənədinin- sazişin imzalanması ilə hüquqi cəhətdən təsdiqini tapmalıdır. İkinci məsələ, ermənilərin reinteqrasiyasıdır”, o qeyd edib.