Şarl Mişel: Azərbaycan və Ermənistan liderlərinin bu gün baş tutacaq görüşü çox vacibdir

“Azərbaycan və Ermənistan liderlərinin bu gün baş tutacaq görüşü çox vacibdir”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişinyovda "Avropa siyasi birliyi" 2-ci zirvə toplantısının açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Bu gün baş tutacaq görüş çox vacibdir. Mənim bir neçə həftə əvvəl Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım olub", o bildirib.

Şarl Mişel danışıqlarda müəyyən irəliləyişlərin olduğunu bildirib.

"Biz müəyyən irəliləyiş əldə etmişik və mən ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ümumi siyasi iradənin bir daha təsdiqlənməsi üçün fürsət olacaq", Avropa İttifaqı Şurasının Prezidenti deyib.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda yenidən bir araya gələcək. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq görüşə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə yanaşı Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaq.

Kişinyov görüşündən sonra tərəflərin iyul ayında Brüssel formatında yenidən görüşəcəyi gözlənilir.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Brüssel görüşündə tərəflər sərhəd məsələləri, nəqliyyat xətlərinin bərpası, humanitar məsələlər və Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi kimi məsələlər müzakirə edilib.

"Brüssel görüşündə liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanla (29,800 kvadrat kilometr) Azərbaycanın (86,600 kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər. Biz Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın sərhədlərin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olmasını alqışlayırıq. Biz Azərbaycan prezidenti İlham Əliyevin 25 may tarixli bəyanatını da alqışlayırıq", Avropa İttifaqının bəyanatında qeyd edilir.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.

Rusiya Prezidenti Valdimir Putin bildirib ki, bu həftənin sonunda Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər.

"Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır", o qeyd edib.

Rusiya baş nazirinin müavini, üçtərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında həll olunmamış məsələlərdən danışarkən deyib ki, bunlar texniki, lakin çox vacib detallardır.

"Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin Moskvada müzakirə edəcəyi suallardır", Overçuk qeyd edib.

"Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi Cənubi Qafqazda sülhə nail olmaq olar. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyini ifadə etdiyinə görə minnətdarlığımızı bildirdik və prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq".

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin mətbuat üçün məlumatında deyilir.

Sənəddə qeyd olunur ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşları ilə görüşəcək.

"Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq - həm ictimai, həm də özəl - sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır", məlumatda qeyd edilir.