ABŞ Azərbaycana minaaxtaran itlər hədiyyə edib

Minaaxtaran itlər (Mənbə ANAMA)

"Son bir neçə gündə Azərbaycana mina axtarışlarına dəstək verilməsi üçün təlim keçmiş daha 5 it gətirilib".

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərlə söhbətində deyib.

"2021-ci ildə ABŞ-ın Marşal İrsi İnstitutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə, yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur", Süleymanov qeyd edib.

Xatırladaq ki, ABŞ-ın Marşal İrsi İnstitutu indiyədək Azərbaycana 70-dən çox xilasedici minaaxtaran it hədiyyə edib.

ANAMA sədri son zamanlarda baş vermiş mina hadisələrinə də münasibət bildirib. O, insanları bir daha diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

"Təəssüflər olsun ki, mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Bizim keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara, ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq, həmin ərazilərə daxil olurlar. Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər", o qeyd edib.

Baş Prokurorluq bildirir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxslər olmaqla, ümumilikdə 299 nəfər mina qurbanlarından 55 nəfər həlak olub, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ekspertlərin fikrincə, münaqişə gedən ərazidə yüz minlərlə mina var.