Accessibility links

Rayan Makbet: Ukrayna NATO-ya döyüşməyə davam edə biləcəyinə dair inam qazandırması üçün kifayət edəcək qədər torpaq geri ala bilər


Rayan Makbet: Ukrayna NATO-ya döyüşməyə davam edə biləcəyinə dair inam qazandırması üçün kifayət edəcək qədər torpaq geri ala bilər
please wait

No media source currently available

0:00 0:06:07 0:00

Artıq bir neçə aydır ki, hərbi ekspertlər yaz aylarında Ukraynanın böyük əks-hücuma hazırlaşdığı haqda məlumat verir və Ukrayna liderləri buna işarə edir. Tank əleyhinə sistemlərdən istifadə təcrübəsi olan, ABŞ ordusunun veteranı və açıq mənbələr üzrə təhlilçi Rayan MakBet Amerikanın Səsinə müsahibədə Ukraynanın əks-hücumunun müharibənin gedişatına təsirini, Baxmutdakı döyüşlərin aqibətini, ABŞ-ın Ukraynanı təmin edəcək Abrams tanklarının döyüşlərə təsirini şərh edib.

Amerikanın Səsi: Cənab Makbet, ABŞ rəsmiləri deyir ki, Ukrayna növbəti həftələrdə Rusiya qüvvələrinə qarşı əks-hücuma keçməyə hazırlaşır. Təhlilçilər isə deyir ki, Ukrayna yazda əks-hücum həyata keçirsə, əsas məqsəd Rusiya ilə ilhaq olunan Krım Yarımadası arasındakı quru dəhlizi açmaq olacaq ki, bunun üçün ölkənin cənubunda Dnipro çayını keçmək lazım olacaq. Sizcə, belə bir əks-hücum müharibənin gedişatına necə təsir göstərəcək? Bunun riskləri nədir?

Rayan Makbet: Ukrayna NATO-dan sonsuzadək yardım almayacaq. NATO əvvəl-axır deyəcək ki, heç bir irəliləyiş olmadığı üçün biz də silah tədarükünü kəsirik və siz sülh razılığı əldə etməlisiniz. Ona görə də Ukraynanın güc baxımından sülh razılaşması əldə etmək üçün ən yaxşı şansı əks-hücuma keçməkdir. Əks təqdirdə silah tədarükü kəsiləcək. NATO Ukraynanı qeyri-müəyyən müddətə dəstəkləməyə davam etməyəcək.

Bunun riskləri odur ki, hücum nəticə verməyə bilər. Ukrayna döyüş təcrübəsi möhkəmlənən və müdafiə mövqelərini hazırlayan rus əsgərlərinə qarşı döyüşür. Ən çətin şeylərdən biri hazırlanan müdafiə mövqeyinə hücum etməkdir, xüsusilə də mina tarlalarında. Ona görə də, ən yaxşı halda Ukrayna hücum edir, Rusiya isə dağılır. Ehtimalı ən yüksək olan ssenari isə odur ki, Ukrayna xeyli torpaqlarını geri alır. Amma mən onların Krımı ala biləcəklərindən və ya Donbası geri ala biləcəyindən çox əmin deyiləm. Ancaq onlar NATO-ya döyüşməyə davam edə biləcəklərinə dair inam qazandırması və Ukrayna axır-əvvəl danışıqlara daxil olduğu zaman həmin danışıqlara zəif deyil, güclü mövqedən daxil olmasını təmin etməsi üçün kifayət edəcək qədər torpaq geri ala bilərlər.

Amerikanın Səsi: Britaniya Müdafiə Nazirliyi çərşənbə günü Ukraynadakı vəziyyətlə bağlı gündəlik açıqlamasında bildirib ki, Ukraynadakı müharibədə ən uzun və ən qanlı döyüşlərin getdiyi Baxmutun qərb hissələrində ağır qısamənzilli döyüşlər hələ də davam edir. Şəhərdəki Ukrayna qüvvələri üç istiqamətdən irəliləyən Rusiya qüvvələri tərəfindən mühasirə olunub. Siz Baxmutdakı döyüşlərin aqibətini necə görürsünüz?

Rayan Makbet: Çox yaxşı sualdır. Buna cavabı bilsəm, gedib lotereya alardım. Məncə Rusiyanın problemlərindən biri odur ki, onlar təkcə Baxmut şəhərini ələ keçirməyə çalışarkən döyüş gücünün böyük hissəsini itiriblər. Bunu etmələrinə səbəb isə odur ki, orada Baxmutun 2 kilometr cənub-şərqində bir yol var ki, o, mükəmməl əsas təchizat marşrutudur və onlar oradan avandalıq çatdıra bilərlər. Mən Ukraynanın Rusiyaya son ana qədər müqavimət göstərəcəyini düşünürəm. Mümkündür ki, şəhər ələ keçiriləcək. Mən Ukraynanın yardım əməliyyatı keçirə biləcəyinə əmin deyiləm, amma əks-hücum olsa, Baxmut yaxında Rusiyanı narahat edən ən son problemlərdən biri ola bilər. Əks-hücum Baxmut üzərindəki təzyiqi azalda bilər.

Amerikanın Səsi: ABŞ-ın Ukraynanı 31 M1A2 Abrams tankları ilə təmin etmək qərarı müharibədə fərq yaradacaq, amma o, gümüş güllə deyil. Bunu cümə günü ABŞ-ın Birgə Qərərgahlar rəisi general Mark Milli deyib. Sizin bu bəyanata münasibətiniz nədir? Siz Abrams tanklarının döyüşlərdə əhəmiyyətli təsirinin olacağına inanırsınızmı?

Rayan Makbet: Məncə Abrams tankı fantastik bir avadanlıqdır. Onlardan böyük bir fərq yaradacaq qədər çox göndərmirlər, göndərilənlərin çatdırılması isə bir il çəkə bilər, çünki tanklardan məxfi zireh paketləri çıxarılmalı və başqa cür məxfi olmayan zireh yerləşdirilməlidir. Yəni tanklar oraya bir fərq yaradacaq qədər tez çatmaya bilər. Və mən bizim strateji fərq yaradacaq qədər M1 tankı göndərib-göndərmədiyimizi bilmirəm. M1 tankı əlbəttə ki, yerdə fərq yarada bilər və Ukrayna bunlardan düşmənin müdafiəsinə zərbə vurmaq üçün istifadə edə bilər, amma onların vaxtında ora çatıb-çatmayacağından əmin deyiləm.

Amerikanın Səsi: Ukrayna özünü Rusiyaya qarşı müdafiə edə bilməsi üçün Qərbdən döyüş təyyarələri istəyib. Ukrayna rəsmiləri iddia edir ki, döyüş təyyarələri onlara hava hövzəsinə daha yaxşı nəzarət etməyə və quru qüvvələrini Rusiyanın hücumundan qorumağa imkan verəcək. Ancaq bəzi ekspertlər deyir ki, Ukraynanı döyüş təyyarələri ilə təmin etmək Rusiya tərəfindən eskalasiya olaraq görülür və Ukraynanın qırıcı təyyarələrdən Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edə biləcyinə dair narahatlıqlara səbəb ola bilər. Buna münasibətiniz nədir?

Rayan Makbet: Mən döyüş təyyarələrini eskalasiya olaraq görmürəm. Belə görünür ki, Ukraynaya göndərilən hər bir hərbi texnika eskalasiya adlandırılıb. HİMARS eskalasiya hesab olunurdu. Javelin-lər eskalasiya olaraq görülürdü. Leopard və Challenger və M1 tankları eskalasiya hesab edilirdi. Və hələ ki, bu silahları Ukraynaya göndərilməsinə real təpki olmayıb. Qərbin döyüş təyyarələrindən Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna bilər, amma daha yaxşı radar əleyhinə raket platformalarının çatdırılması olardı. ABŞ Hava Qüvvələri bu missiyanı "Vəhşi Gəlincik" (Wild Weasel) və ya SEAD, yəni Düşmənin Hava Hücumundan Müdafiə qüvvələrinin məhv edilməsi adlandırır. Bunlar radar əleyhinə sistemlərlə təchiz olunmuş təyyarələrdir ki, onlar tələ yemi kimi xidmət göstərir. Belə ki, radar sistemləri onları müəyyən etdiyi an təyyarələr onlara radar əleyhinə raketlər atırlar. Qərbin döyüş təyyarələri Rusiya sərhədinə zərbə endirməkdənsə "Vəhşi Gəlincik" əməliyyatları həyata keçirməklə daha faydalı ola bilər, çünki Ukraynanın öz ərazisi üzərində suverenliyi geri qazanması üçün atmalı olduğu ilk addım Rusiyanın radar sistemlərini məhv etməkdir.

XS
SM
MD
LG