Azərbaycan və Rusiya tranzit yük daşımalarını müzakirə edib

Rövşən Rüstəmov və Oleq Belozerov (Rəsmi foto. Mənbə: "Azərbaycan Dəmir Yolları" ASC)

Azərbaycan və Rusiya tranzit yük daşımaları sahəsində əməkdaşlıq məsələlərini müzakirə edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, bu qurumun sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru Oleq Belozerov arasında keçirilən götrüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə "Şimal-Cənub" marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.

Görüşdə müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb.

O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub.

Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş"ə qoşulub.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu və avtomobil daşımalarını da reallaşdıracaq.