Martın 20-də Ermənistanla sərhəddə Azərbaycanın bir sərhədçisinin yaralandığı bildirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub.
"DSX-nin hərbi qulluqçusu kiçik çavuş Ramin Manafov qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb. Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunub, həyatı təhlükəsi yoxdur” - açıqlamada bildirilir.
Mətbuat mərkəzinin məlumatına görə, hazırda əməliyyat şəraiti sabitdir.
Ermənistan tərəfi Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına hələ münasibət bildirməyib.