Accessibility links

Türkiyə-Ermənistan sərhədlərinin açılması səyləri artmaqdadır


Türkiyə-Ermənistan sərhədlərinin açılması səyləri artmaqdadır
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Türkiyə-Ermənistan sərhədlərinin açılması səyləri artmaqdadır

Müşahidəçilər Moskvada münasibətlərin normallaşdırılmasına dair danışıqlardan sonra Türkiyənin Ermənistanla sərhədlərinin açılması səylərində irəliləyiş əlamətləri gördüklərini deyirlər. Əlaqələr 1993-cü ildən kəsilib və təhlilçilərin fikrincə, əlaqələrin yenilənməsi regionu yenidən dəyişə bilər.

Türkiyə 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ anklavı uğrunda gedən döyüşlərdə Azərbaycan ərazilərini ələ keçirməsindən sonra Ermənistanla sərhədini bağlayıb.

Lakin 2020-ci ildə Azərbaycan hərbi qüvvələrinin öz ərazilərini geri alması ilə bəzi təhlilçilər Türkiyə-Ermənistan münasibətlərinin bərpası üçün qapıların açıldığını deyirlər.

“Bu gün Ermənistan və Türkiyə ilə bu yaxınlaşma üçün heç bir aydın maneə yoxdur. Çünki xatırladığımız kimi, konkret desək, 1990-1993-cü illərdə bu ərazilərin işğalı səbəbindən Türkiyə sərhədi bağlamaq qərarına gəlmişdi. Beləliklə, indi bu əsaslandırma aradan qalxıb, bununla yanaşı, Bakıdan Türkiyə ilə ermənilərin yaxınlaşması ilə bağlı müsbət mesajlar da var” - deyə, İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Sinan Ülgen bildirib.

Türkiyə və Ermənistanın nümayəndələri münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparmaq üçün ötən həftə Moskvada görüşüblər. Hər iki tərəf bu danışıqları konstruktiv adlandırıb.

Sərhədin yenidən açılması Türkiyədə işləyən on minlərlə erməniyə kömək edə bilər. Onların çoxu qonşu Gürcüstandan keçməklə evlərinə avtobusla çətin səyahət etməli olur.

Lakin tarixi hadisələr yaxınlaşma səylərinə maneə ola bilər. Ermənistan Osmanlı hakimlərini Birinci Dünya Müharibəsi zamanı Türkiyədəki erməni azlığına qarşı “soyqırım” törətməkdə ittiham edir. Ankara bunu soyqırım adlandırmaqdan imtina edir və ölümlərin vətəndaş müharibəsinin nəticələrinin bir hissəsi olduğunda təkid edir.

Lakin təhlilçilər bildirirlər ki, Yerevan keçmişin yaxınlaşma səylərini təhlükə altına almasını istəmir.

“Bu, heç bir ilkin şərt olmayan siyasətdir, yəni normallaşma barışıq deyil. Söhbət erməni soyqırımından getmir; bu, sadəcə olaraq, qonşuların diplomatik əlaqələr qurması və açıq sərhədlərə malik olması üçün əsas minimumudur. Mühüm təməl kimi normallaşma ilə barışıq daha sonra gələcək” - Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan bildirib.

Münasibətlərin normallaşması Ankaranın diplomatik səyləri alqışlayan Vaşinqtonla münasibətlərində gərginliyin azaldılmasına kömək edə bilər. Konqres Türkiyənin dənizə çıxışı olmayan ölkənin Türkiyənin böyük bazarına və tranzit marşrutlarına çıxışdan məhrum etməklə Ermənistan iqtisadiyyatına zərər vuran, Yerevanı Rusiya və İran qonşularından asılı olmağa məcbur edən siyasətini kəskin tənqid edib. Amma bəzi təhlilçilər Türkiyə Ermənistan sərhədinin yenidən açılmasının bu asılılığı azalda biləcəyini deyirlər.

“Bu, əməkdaşlığın, xüsusən də kommunikasiyanın və nəqliyyatın asanlaşdırılması ilə bağlı regiona böyük təsir göstərəcək. Və bu iki ölkə arasında əməkdaşlığın artırılması İranın regiondakı rolunu tamamilə azaldacaq” - deyə, Bonn Universitetindən Zaur Qasımov qeyd edib.

Türkiyə ilə Ermənistan arasında yeni birbaşa uçuşların elan edilməsi yaxınlaşma səylərinin ilk bəhrəsidir. Lakin keçən həftə qeyri-sabit Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar 3 nəfərin ölümü ilə nəticələndi ki, bu da hələ də risklərin olduğunu göstərir.

XS
SM
MD
LG