Accessibility links

Azərbaycan-Ermənistan sərhədində qarşıdurma, ölənlər və yaralananların olduğu bildirilir


Azərbaycan və Ermənistan bir-birini sərhəddə son atışmalarda günahlandırıb. Azərbaycan iki əsgərin yaralandığını bildirib, Ermənistan isə üç hərbçisinin öldüyü, üç hərbçisinin isə yaralandığı haqda məlumat verib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis (Basarkeçər) rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Nazirlik bildirir ki, qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçu – Sadiq Əliyev və İmran İmranlı yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərildiyi, onların həyatları üçün təhlükə olmadığı bildirilir.

“Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür,” Azərbaycan Müdafiə Nazirliyi qeyd edir.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə lokal xarakterli döyüşlərin getdiyi barədə məlumat yayıb.

"Azərbaycan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə təxribat törədib və Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində atəşkəsi pozub. Lokal xarakterli döyüşlər davam edir," Ermənistan Müdafiə Nazirliyi bildirir.

Ermənistan Müdafiə Nazirliyi vəziyyətin ağırlaşmasına görə bütün məsuliyyətin Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Ermənistan-Azərbaycan sərhədindəki döyüşlər nəticəsində üç hərbçisini itirib, üç hərbçisi isə yaralanıb.

Bundan sonra, Azərbaycan və Ermənistan iyulun 28-də saat 10-dan etibarən Rusiyanın atəşkəs barədə təşəbbüsünü qəbul etdiyini bəyan edib.

Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın atəşkəs təşəbbüsündən sonra sərhəddə vəziyyət sabitləşib.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü qəbul edilib.

“Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir,” Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Bununla yanaşı, Azərbaycan Xarici İçlər Nazirliynin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva Twitter səhifəsində yazıb ki, "Azərbaycan Ermənistanı regionda yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son qoymağa və dövlət sərhədlərinin delimitasiyası üzrə danşıqlara başlamağa çağırır."

Son aylarda Azərbaycan-Ermənistan sərhədi boyunca atışmalar barədə hər iki tərəf məlumatlar yayır. Atışmalar nəticəsində Azərbaycanın 1, Ermənistanın isə 4 hərbçisini itirdiyi, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG