Accessibility links

Azərbaycan-Ermənistan sərhədində yeni atışma olduğu bildirilir


Azərbaycan Ermənistan sərhədi
Azərbaycan Ermənistan sərhədi

Azərbaycan və Ermənistan iyulun 28-də Rusiyanın atəşkəs təşəbbüsünü qəbul etdiklərini elan etsələr də, bu gün, iyulun 29-da sərhəddə yenə atışma olduğu bildirilir. Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, iyulun 29-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər (Vardenis) rayonunun Yuxarı Şorca (Verin Şorca) kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Məlumatda qarşı tərəfin cavab atəşi ilə susdurulduğu bildirilir.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirir ki, iyulun 29-da Azərbaycan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Qeqarkunik istiqamətində yerləşən erməni mövqelərini yenidən atəşə tutub, nəticədə bir hərbçi yaralanıb.

"Qısa bir atışma oldu, cavab atəşindən sonra qarşı tərəf susduruldu," nazirliyin məlumatında deyilir.

Son aylarda Azərbaycan-Ermənistan sərhədi boyunca atışmalar barədə hər iki tərəf məlumatlar yayır. Atışmalar nəticəsində Azərbaycanın 1, Ermənistanın isə 4 hərbçisini itirdiyi, bir neçə nəfərin yaralandığı bildirilir.

10 noyabr 2020-ci il Azərbaycan, Ermənistan və Rusiya liderlərinin döyüş əməliyyatlarının dayandırlması barədə imzaladığı bəyanatdan sonra ilk dəfə iyulun 28-də lokal xarakterli döyüşlər qeydə alınıb. Nəticədə Ermənistan 3 hərbi qulluqçusunu itirib, 4 hərbi qulluqçusu yaralanıb, Azərbaycan Ordusunun da 2 hərbi qulluqçusu bu döyüşlərdə yaralanıb. Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırıb.

Son zamanlar atəşkəsin pozulması ABŞ-ın da narahatlığna səbəb olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iyulun 28-də açıqladığı bəyanatda bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı gərginliyin azaldılmasına çağırıb.

“Biz Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal təcili addımlar ataraq, atəşkəsə dair öhdəliklərini yerinə yetirməyə çağırırıq. Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, bütün həll olunmamış məsələlərə toxunan hərtərəfli bir həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh içində yaşamasını təmin edə biləcəyini vurğulayır. ABŞ Ermənistanı və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə substantiv müzakirələrə qayıtmağa çağırır,” ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

İyulun 28-də həmçinin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon söhbəti zamanı Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Filip Rikerin iki ölkə arasında sərhəddə gərginliklə bağlı narahatlığını ifadə etdiyi bildirilib.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG