Accessibility links

ABŞ Dövlət Katibinin köməkçisi və Azərbaycan xarici işlər naziri sərhəddəki gərginliyi müzakirə edib


Ceyhun bayramov və Filip Riker
Ceyhun bayramov və Filip Riker

Mayın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıb.

Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu bildirib.

O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb.

Mayın 13-də ABŞ Dövlət Departamentinin sözçüsü də Azərbaycan-Ermənistan sərhədindəki son duruma münasibət bildirib.

"Biz Ermənistan-Azərbaycan sərhədindəki demarkasiya xəttinin çəkilmədiyi hissəsində gərginliyin artdığına dair xəbərləri yaxından izləyirik. Biz başa düşürük ki, tərəflər arasında kommunikasiya davam edir və vəziyyətin sülh yolu ilə de-eskalasiaya edilməsi üçün təmkinə çağırırıq" - deyə, Ned Prays Twitter səhifəsində bildirib.

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mayın 13-də hökumətin iclasında Azərbaycanın silahlı qüvvələrinin sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistan ərazisinə daxil olduğunu deyib.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanı sərhədləri pozaraq bir neçə kilometrlik məsafədə ərazisinə girməkdə ittiham edir.

Azərbaycan ittihamları rədd edərək sərhədini möhkəmləndirdiyini və bölgədəki gərginliyi azaltmağa çalışdığını bildirib.

“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir,” Azərbaycan Xarici İşlər Nazirliyinin mayın 13-də açıqladığı bəyanatda qeyd edilir.

XS
SM
MD
LG